• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Məktəbli qəzaları artır: Sürücülər sürət həddinə əməl etmirlər - Səbəb təkcə budur?

CƏMİYYƏT

22 Sentyabr 2025 | 13:55

Məktəbli qəzaları artır: Sürücülər sürət həddinə əməl etmirlər - Səbəb təkcə budur?

Yeni dərs ili özü ilə məktəbli qəzalarını da gətirib.

Bakıvaxtı.az xatırladır ki, təkcə son 4 gündə iki belə hadisə olub. Bu hadisələr zamanı iki məktəbli ölüb, ikisi isə xəstəxanaya yerləşdirilib.

Belə ki, sentyabrın 19-da Lənkəranda "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və qardaşı - 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Oxşar qəza, sentyabrın 21-də Gədəbəydə baş verib. Minik maşını 2015-ci il təvəllüdlü V.Qəhrəmanlını və onun bacısı 2016-cı il təvəllüdlü G.Qəhrəmanlını vurub. Bacı-qardaş dərhalxəstəxanaya yerləşdirilib.

Belə hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür halların təkrarlanması ciddi yol təhlükəsizliyi ilə bağlı problemlərinin olmasından xəbər verir.

Bəs, belə hadisələrin  qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Yasin Mustafayev: Maneələr olmasa, sürücülər qətiyyən sürət həddinə əməl etmirlər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, məktəblərin ətrafında sürətin azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.

Onun sözlərinə görə, sürəti minimuma endirmək üçün fiziki maneələr, tramplinlər kimi tədbirlər tətbiq oluna bilər:

“Çünki belə maneələr olmasa, sürücülər qətiyyən sürət həddinə əməl etmirlər”.

Bu maneələrin hər yerdə qoyulmamalı olduğunu qeyd edən ekspert vurğulayıb ki, əsas diqqət real təhlükə olan yerlərə yönəldilməlidir.

Müsahibimiz real təhlükə olan yerlərə əsasən şagirdlərin keçdiyi və qəza riski yüksək olan ərazilərin aid olduğunu söyləyib:

“Məktəb ətrafındakı yollar diqqətlə araşdırılmalı, risklər qiymətləndirilməli və təhlükəsizlik tədbirləri buna uyğun həyata keçirilməlidir”.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır.

Qurum sürücülərin diqqətinə çatdırıb ki, yollarda, xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır.

Piyadalara da xatırladılıb ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar.

Valideynlərdən xahiş olunub ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar.

“Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir. Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur”,- deyə naziriliyin müraciətində qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR