Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanla həmsərhəd Qafan şəhərində müntəzəm relslərin açılacağını açıqlayıb. Beynəlxalq təcrübəyə əsasən iki dövlətin sərhədində yerləşən hava limanları unikal coğrafi mövqelərinə görə fərqli tənzimləmə tələblərinə tabedir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan- Ermənistan sərhədində hava limanı tikilərkən və fəaliyyət göstərərkən mütləq şəkildə qonşu ölkə ilə koordinasiya və razılaşmalar nəzərdən keçirilməlidir. Ermənistan Qafan hava limanının fəaliyyətə başlayacağını elan edərkən bununla bağlı Azərbaycanı məlumatlandırmayıb. Ermənistanın bu hava limanından gələcəkdə hərbi məqsədlərlə istifadə etmək niyyətinin olduğunu istisna etmək olmaz.
Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan tez-tez dilə gətirdiyi 29,8 min kv.km ərazini tanıtmaq üçün ciddi-cəhdlə çalışır.
Ekspertin sözlərinə görə, İrəvan hökumətinin Azərbaycanla şərti sərhədlərdə atdığı hər addım buna hesablanıb: "Qafanda İran və Rusiyanın konsulluqlarının açılması da bu məqsədə xidmət edir. İndi də Qafanda hava limanının istifadəyə veriləcəyi açıqlanır. Sərhəddə Qafandakı aeroportla Azərbaycanın postu arasındakı məsafə 150-200 metrdir. Paşinyan ötən günlərdə Qafan hava limanına gəlmişdi. Baş nazirin səfərini əks etdirən fotolarda yaxınlıqdakı Azərbaycan postu və üçrəngli bayrağımız da düşmüşdü”.

Əhəd Məmmədli, siyasi şərhçi
Müsahibimiz hesab edir ki, ermənilərin məqsədi Azərbaycanı Zəngəzur iddiasından vaz keçirmək, geri addım atmağa məcbur etməkdir: “Təbii ki, ermənilərin hiyləsinə aldanmamalıyıq. Nə istəyirlər etsinlər. Lap Qafanda, Gorusda Avroviziya, nə bilim beynəlxalq şahmat turniri keçirsinlər. Biz heç vaxt həmin ərazilərdən imtina etməməliyik”.
Ekspert qeyd edib ki, bölgənin təhlükəsizliyinin təmin olunmadığı aydın olduqda beynəlxalq reyslər də öz-özünə yoxa çıxacaq: “Ermənistan tərəfi Avropadan təqaüddə olan fransız jandarmları Azərbaycanla şərti sərhədlərə gətirmişdilər. Ancaq ötən ilin sentyabr ayında sərhəddə baş vermiş kiçik münaqişədən sonra qorxularından bir daha ora qayıtmadılar. Avropalılar həyatlarını çox sevirlər".
Aydın Baxış
















