Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Bu barədə Administrasiya açıqlama yayıb. Qeyd olunub ki, separatçılar Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Ordusunun anti-terror tədbirləri uğurla başa çatdı.
Ekspertin sözlərinə görə, Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir: "Təslimin şərtləri var. Əsas tələblərdən biri silah-sursatın təhvil verilməsi, hərbi birləşmələrin buraxılması və Ermənistan hərbçilərinin Azərbaycanı tərk etməsidir. Digər önəmli məqam isə Qarabağdakı ermənilərin reinteqrasiya məsələsidir. Əlbəttə, Qarabağdakı ermənilər rəsmi Bakı qarşısında hansısa şərt irəli sürə bilməz. Çünki ermənilər təslim olaraq, ağ bayraq qaldıraraq Bakı ilə dialoqa, müzakirələrə razılıq veriblər”.

Məhəmməd Əsədullazadə: Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir
Onun fikrincə, ola bilsin, görüşlərdə, təmaslarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak etsin. Amma anti-terror tədbirlərindən əvvəlki vəziyyət olmayacaq: “Bundan sonra Qarabağla bağlı bütün proses Azərbaycan Konstitusiyası çərçivəsində həyata keçiriləcək”. Müsahibimiz bildirib ki, Qarabağda yaşamaq və vətəndaşlıq almaq istəyən ermənilər rəsmi Bakının bütün şərtlərinə, tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər: “Ya da bölgəni tərk etməlidirlər ki, buna da imkan yaradılır. Başqa seçimləri yoxdur".
Aydın Baxış
















