Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana rəsmi səfəri, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Səfər çərçivəsində keçirilməsi planlaşdırılan görüşlər, xüsusilə Prezident İlham Əliyevlə baş tutan görüş Azərbaycan-Türkiyə münasibətlərində strateji xarakter daşıyan təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı etimadın, ortaq maraqların və ortaq gələcək vizyonunun bariz göstəricisi oldu.
Prezident İlham Əliyevin qəbulunda Yaşar Gülərin iştirakı iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq hərbi-siyasi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı tərəflər regional təhlükəsizlik, birgə hərbi təlimlər, hərbi təyinatlı vasitələrin satın alınması və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin, Azərbaycan Ordusunun formalaşdırdığı özünəməxsus modelin Türkiyə ilə təcrübə mübadiləsi fonunda daha da təkmilləşdirilməsi məsələsinə də toxunulub.
Yaşar Gülərin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının başlanğıc dövründə formalaşmış strateji əsasların bu gün necə təkmilləşdiyini və Azərbaycan Ordusunun milli modelinin möhkəmlənməsində Türkiyə ilə tərəfdaşlığın rolunu nə dərəcədə əks etdirir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın təməli, iki qardaş ölkənin ortaq tarix, mədəniyyət və milli maraqlar üzərində qurulmuş strateji münasibətləri fonunda atılıb:
"Əməkdaşlığın başlanğıc dövründə imzalanan sənədlər və razılaşmalar yalnız texniki və ya protokol xarakteri daşımayıb, əksinə, hərbi-siyasi və təhlükəsizlik məsələlərini birbaşa əhatə edən real, icra yönümlü addımlar atılıb. Bu da onu göstərir ki, iki ölkə arasında hərbi münasibətlər sadəcə müttəfiqlik deyil, eyni zamanda qarşılıqlı öhdəliklər və davamlı strateji koordinasiyaya əsaslanır".
Ekspertin sözlərinə görə, müqavilələrin bəndləri içərisində xüsusilə təhlükəsizlik və hərbi-siyasi sahələr üzrə əməkdaşlığın prioritet kimi müəyyən olunması, bu əməkdaşlığın yalnız sahəvi deyil, bütövlükdə regional sabitliyə və güc balansına təsir edən bir konsepsiya olduğunu göstərir. Bu kontekstdə Azərbaycan-Türkiyə münasibətləri Qafqazda və daha geniş coğrafiyada yeni hərbi-siyasi düzənin formalaşmasına təkan verən mühüm amillərdən biridir:
"Hərbi əməkdaşlığın bünövrəsinin möhkəm atılması nəticəsində sahələrin bütün istiqamətlərində - istər texniki-təchizat, istərsə də təlim-təhsil sahəsində sistemli inkişaf müşahidə olunub. Ən önəmlisi, bu proses yalnız Azərbaycan tərəfinin öyrənməsi üzərində qurulmayıb. Əksinə, Azərbaycan bu əməkdaşlıq modelində həm öyrənən, həm də öyrədən bir tərəf kimi çıxış edir. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı təcrübə, xüsusilə müasir döyüş taktikaları və texnologiyaların tətbiqi sahəsində əldə etdiyi uğurlar, tərəfdaş ölkə Türkiyə üçün də maraq doğuran praktik nümunələr olub. Müasir hərbi əməkdaşlığın mühüm sütunlarından biri də hərbi təyinatlı vasitələrin satın alınması və birgə istehsal layihələridir. Türkiyə müdafiə sənayesinin inkişafı və Azərbaycanın bu sahədə tərəfdaş olaraq ortaya çıxması, yalnız alış-veriş münasibətindən ibarət deyil, eyni zamanda iki ölkənin texnoloji suverenliyini gücləndirən birgə proqramların əsasını qoyur".
Ramil Məmmədli: Azərbaycan ordusu özünəməxsus milli model formalaşdırıb
Müsahibimiz əlavə edib ki, bütün qoşun növləri üzrə Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin mövcudluğu, bu əməkdaşlığın sistemli xarakter daşıdığını göstərir. Quru qoşunları, hava qüvvələri, xüsusi təyinatlı birliklər və dəniz qüvvələri səviyyəsində keçirilən birgə təlimlər, qarşılıqlı uyğunlaşma və döyüş hazırlığının inteqrasiyasına şərait yaradır.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, təhsil sahəsi də bu əməkdaşlığın əsas sütunlarından biridir. Hər il yüzlərlə azərbaycanlı kursant Türkiyənin qabaqcıl hərbi məktəblərində təhsil alır, burada əldə etdikləri bilik və bacarıqları daha sonra Azərbaycanda tətbiq edirlər. Bu isə təkcə fərdi inkişaf deyil, Azərbaycan Ordusunun ümumi modernləşmə prosesinə birbaşa təsir edən faktordur.
"Bu kontekstdə xüsusi vurğulanmalı məqam isə Azərbaycan Ordusunun sistemi ilə bağlıdır. Azərbaycan bu sistemin qurulmasında müxtəlif orduların təcrübəsindən yararlansa da, özünəməxsus milli model formalaşdırıb. Bu model nə Rusiya, nə Türkiyə, nə də başqa bir ölkənin ordusunun tam təkrarı deyil. Əksinə, Azərbaycan mövcud coğrafi, siyasi və təhlükəsizlik reallıqlarına uyğun şəkildə öz ordusunun strukturunu, idarəetmə prinsiplərini və döyüş doktrinasını formalaşdırıb. Bu isə onu sübut edir ki, Azərbaycan artıq yalnız müttəfiqlərindən öyrənən deyil, eyni zamanda təcrübəsini paylaşan, yeni yanaşmalar təklif edən regional güc statusundadır",- Ramil Məmmədli fikrini yekunlaşdırıb.
Əli Hüseynov