Vətən müharibəsindən bir il ötməsinə baxmayaraq müharibə iştirakçıları hələ də “Müharibə veteranı” adını ala bilməyiblər.
Bu barədə redaksiyamıza müharibə iştirakçıları tərəfindən şikayətlər daxil olub.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev Bakıvaxtı.az-a bildirib ki, bu şikayətlər Milli Məclisin üzvlərinə də daxil olur:
“Mən də narahatam ki, xeyli müharibə iştirakçısı hələ də “veteran” adı ala bilməyib və ya onların əlillik dərəcəsi müəyyənləşdirilməyib. Bu da təbii ki, narahatlıq yaratmalıdır. Çünki müharibədə yaralanıb, lakin sonra müalicə olunaraq sağalan və ya hələ də müalicədə olan, psixi travmalar alan müharibə iştirakçıları var ki, onlar həm dərmanların alınmasına, ailələrinin saxlanılmasına, həm də xərclərinin ödənməsində müəyyən çətinliklər çəkirlər. Onlara təyin olunan müalicənin, reseptin, dərmanların xərcini nə özləri, nə də ailələri çəkməlidi. Heç özlərinin pulları da yoxdu axı, çəksinlər.
Əlilliyin müəyyənləşdirilməməsi ilə bağlı bu məsələlər doğurdan da narahatçılıq yaradır. Məncə, bu istiqamətdə Prezidentin sərəncamı ilə Nazirlər Kabineti tərəfindən Komissiya da yaradıldı. Bütün bu insanların hamısını müəyyən edib, şikayətlərə birdəfəlik son qoymaq lazımdır. Təəssüflər olsun ki, bu prosses uzandıqca uzanır və cəmiyyətə də narahatedici mesajlar ötürür”.

Deputat bildirib ki, prossesin uzanmasının səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarının onların əlillik dərəcəsini müəyyən etməklə bağlı irəli sürdükləri müddəalar və tələblərdir:
“O tələblərin nə dərəcədə haqlı olub-olmaması müzakirə olunmalıdır. Çünki bəzən olur ki, müharibə iştirakçısı əlildir, çox pis vəziyyətdədir, lakin xarici görünüşü çox yaxşıdır. Onun artıq xəstəliyinin müəyyən edilməsi daxili orqanların qiymətləndirilməsi ilə başa çatmalıdır. Bütün bu qiymətləndirmələr bəzən düzgün aparılmır və bu da narazılıq yaradır. Mənə elə gəlir ki, ümumiyyətlə bu kateqoriyadan olan insanların narazlığının aradan qaldırılması və onların haqqının verilməsi üçün, onlara bir neçə il ərzində dövlət tərəfindən müəyyən məbləğ ödənilməli idi. Bu müddət üç illik ola bilər. Bu üç il ərzində onlar müalicəsini başa çatdırıb, özlərinə iş tapa bilərdilər. Bu müddətdə onlara aylıq dörd yüz-beş yüz manat məbləğin verilməsi çox yaxşı olardı. Hesab edirəm ki, bu, çox ədaləli yanaşma olardı və beləliklə, sosial narazılıq da aradan qalxmış olardı”.
Bakıvaxtı.az olaraq müharibə iştirakçılarının şikayətlərini və deputat Razi Nurullayevin təklifini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıq.
ƏƏSMN-in mətbuat katibi Fazil Talıbov isə cavabında bildirdi ki, ünvanlanan sual yanlışdır:
“Siz bizə kimlər tərəfindən şikayət daxil olubsa, adları verin, araşdırma aparaq. Heç bir yuvanma, gecikmə yoxdur. Əlillik dərəcəsinin verilməsi prossesinin uzanması məsələsi yoxdur. Vətən müharibəsində iştirak edən 2500-dən çox qazimizə əlillik dərəcələri verilib.
“Müharibə veteranı” adını isə biz vermirik”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu prossesin uzanmasına səbəb tənbəl məmurlardır:
“Mən çox təəssüflənirəm ki, bizim tənbəl məmurlar bu işi bir-birlərinin üstünə atırlar. Ona görə də bu məsələ öz həllini tapmır. Müharibə vaxtı hamısı boğazdan yuxarı sözlər deyirdilər: “Ay bizim onlara canımız qurban filan. Əsgərimiz belə gəldi, zabitimiz elə getdi”. Yəni qısacası, bağda ərik var idi məsələsi kimi. Müharibə bitib, indi vəzifəli şəxslər üzərlərinə düşən işi görmürlər. Nazirlər Kabinetinin qərarında çox aydın şəkildə yazılıb: Zabit və gizirlərə “Müharibə veteranı” adı Müdafiə Nazirliyi, əsgər və çavuşlara isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməlidir. Mən bu məsələni son vaxtlar daha çox ictimailəşdirirəm. Bizim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri nədənsə inciyirlər. Sanki bu pulu onlar cibindən verəcəklər. Ay qardaş, bu məsələni həll edin qurtarsın. Bunu həll etmək üçün çox vaxt lazım deyil. Mən bunu təəccüblə qarşılayıram. Axı bunu kompüterlə asan şəkildə müəyyənləşdirmək də olur, kimlər iştirak edib, kimləri çağırıblar”.

Ekspert vurğulayıb ki, məmurlar özlərinə əziyyət vermək istəmirlər:
“Mənim səlahiyyətim olsaydı, 10 gün və ya 2 həftə vaxt verərdim ki, bu məsələni həll eləsinlər. Burda həqiqətən də ƏƏSMN-nin günahı yoxdur. Onlar “müharibə veteranı” adı təyin olunacağı təqdirdə pensiyaları ödəyəcəklər. Amma bizim bəzi qurumlar həddindən artıq tənbəlləşiblər. Yəqin ki, özlərinin o pula ehtiyacı yoxdur. Amma o gənclər sevgi və coşqu ilə müharibəyə getdilər. Onların ümidlərini qırırlar. Bu prossesin sürətlənməsi üçün müvafiq qurumlar hərəkətə keçməlidirlər. Siz təsəvvür edin, 2016-ci ilin aprel və iyul aylarında gedən döyüşlərdə də iştirak etmiş şəxslərə “müharibə veteranı” adı verilməyib.
Məndə olan məlumata görə, bu məsələ dekabr ayında öz həllini tapacaq. Bəzi məmurların tənbəlliyinə görə, əhalidə dövlətə qarşı narazılıqlar yaranır. Belə olmamalıdır”.
Nuranə Daxilqızı
















