Bakıda keçirilən "ADEX 2026" sərgisi çərçivəsində 14 ədəd HÜRKUŞ-II yeni nəsil təlim təyyarəsinin Azərbaycana təhvil verilməsinə dair dövlətlərarası müqavilə imzalanıb. Müqavilə Türkiyə ilə Azərbaycan arasında imzalanmış daha böyük müdafiə sənayesi paketinin tərkib hissəsidir.
Maraqlıdır, bu müqavilə fonunda hərbi sahədəki yeni əməkdaşlıq region üçün nələr vəd edir? Türkiyə-Azərbaycan birliyindən qıcıqlanan ölkələrin mövqeyi zamanla dəyişə bilərmi?
Politoloq Rəşad Bayramov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, "ADEX 2026" çərçivəsində Azərbaycanla Türkiyə arasında imzalanan yeni müdafiə sənayesi müqavilələri iki ölkənin hərbi əməkdaşlığının daha geniş mərhələyə keçdiyini göstərir:
"14 ədəd HÜRKUŞ-II təlim təyyarəsinin alınması ilə yanaşı, Baykar, Roketsan və ASELSAN ilə müxtəlif sistemlər üzrə razılaşmaların əldə edilməsi və paketlərin ümumi dəyərinin 500 milyon dolları keçməsi əməkdaşlığın institusional və texnoloji xarakterini daha da gücləndirir. HÜRKUŞ-II müqaviləsinin xüsusi əhəmiyyəti aviasiya kadrlarının hazırlanması baxımından diqqət çəkicidir. Belə ki, müasir hərbi hava qüvvələrinin effektivliyi təkcə döyüş təyyarələrinin sayından deyil, pilot hazırlığının səviyyəsindən və təlim sisteminin davamlılığından da asılıdır. Buna görə yeni nəsil təlim təyyarələrinin alınması Azərbaycan Hərbi Hava Qüvvələrinin uzunmüddətli inkişafında ayrıca rol oynaya bilər. Bu proses Türkiyə ilə əvvəldən mövcud olan birgə uçuş təlimləri ilə də tamamlanır. 2026-cı ilin aprel-may aylarında keçirilən “TurAz Qartalı-2026” təlimində iki ölkənin hərbi hava qüvvələri qarşılıqlı fəaliyyət, radioelektron mübarizə, hədəflərin aşkarlanması və birgə idarəetmə üzrə müxtəlif ssenarilər üzərində çalışıblar".

Müsahibimiz bildirib ki, yeni müqavilələr Azərbaycanın müdafiə qabiliyyətinin şaxələndirilməsi prosesinin Türkiyə istiqamətində dərinləşdiyini göstərir. Burada söhbət təkcə hazır məhsulların alınmasından deyil, həm də təhsil, tədqiqat, istehsal və logistika sahələrində əməkdaşlıqdan da gedir. ADEX zamanı müdafiə sənayesi və ali təhsil qurumları arasında bir sıra anlaşmaların imzalanması da bu istiqamətin gələcəkdə birgə istehsal və texnoloji transfer elementlərini gücləndirə biləcəyini göstərir.
"Regional baxımdan isə bu əməkdaşlığın iki paralel nəticəsi ola bilər. Bir tərəfdən, Azərbaycan və Türkiyənin müdafiə imkanlarının daha sıx inteqrasiyası hər iki ölkənin çəkindirmə potensialını artırır. Digər tərəfdən, regiondakı dövlətlər Ankara-Bakı hərbi əməkdaşlığının genişlənməsini öz təhlükəsizlik hesablamalarında nəzərə almağa məcbur olurlar. Bununla belə, konkret ölkələrin gələcək mövqeyinin necə dəyişəcəyini əvvəlcədən müəyyən etmək mümkün deyil", - deyə politoloq qeyd edib.
Türkiyə-Azərbaycan əməkdaşlığından narahat olan dövlətlərin mövqeyinə gəldikdə R. Bayramovun fikrincə, bu mövqenin dəyişib-dəyişməyəcəyi onların problemidir:
"Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq hər hansı üçüncü tərəfə qarşı yönəlməyib. Bu tərəfdaşlıq özündə regional təhlükəsizliyi, müdafiə qabiliyyətini və texnoloji inkişafi ehtiva edir. Bu əməkdaşlıqdan narahat olan dövlətlər də bunu belə bilməli və qəbul etməlidirlər. Ümumiyyətlə, zamanla həmin ölkələrin mövqeyində də dəyişiklik olacağı ehtimal olunandır. Üstəlik, "ADEX-2026"nın özündə Azərbaycanın Türkiyə ilə yanaşı Rusiya, ABŞ, İsrail, Çin, BƏƏ və digər ölkələrlə də hərbi-texniki əlaqələr qurması Bakının müdafiə sahəsində tərəfdaşlıq coğrafiyasının yalnız bir ölkə ilə məhdudlaşmadığını göstərir".
Politoloq qeyd edib ki, "ADEX-2026" müqavilələrinin əsas regional mesajı təkcə Türkiyə ilə Azərbaycanın hərbi yaxınlaşmasının davam etməsi deyil. Daha mühüm məsələ bu yaxınlaşmanın müdafiə sənayesi, kadr hazırlığı, birgə istehsal və texnologiya sahələrinə keçməsidir.
Gülşən Şərif
















