• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Narkotikdən istifadə ikinci Qarabağ müharibəsindən sonra çoxaldı" - AÇIQLAMA

CƏMİYYƏT

03 Sentyabr 2021 | 12:24

"Narkotikdən istifadə ikinci Qarabağ müharibəsindən sonra çoxaldı" - AÇIQLAMA

Təəssüf ki, son ayların ən aktual mövzusu gənclərin narkotik maddələrə qurşanaraq məhv olmasıdır. Bəs nə baş verdi ki, cəmiyyətdə narkotikdən istifadə birdən-birə bu qədər çoxaldı?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Bakıvaxtı.az-a danışıb:

"Çox xoşagəlməz bir vəziyyət yaranıb, amma bu vəziyyətin yaranmasında, təbii ki, Azərbaycanda marağı olan qüvvələrin rolu var. Yəni burda məsələyə iki istiqamətdə baxmaq lazımdır. Bir, ənənəvi olaraq əvvəldən bütün dünya və Azərbaycan üzrə narkotik biznesi ilə məşğul olan şəbəkə var. Eyni zamanda, son illər Azərbaycanın özündə də bu sahədə istehsal artıb. Gizli şəraitdə də olsa narkotik bitkiləri əkir, patı istehsal edirlər. Dediyim kimi, bir var narkotik ticarəti, hansı ki, bunların dünya, xalq vecinə deyil, qazandıqları pulu fikirləşirlər. Amma özünüz də fikir verin, Azərbaycanda narkotikdən istifadə ikinci Qarabağ mühabirəsindən sonra birdən birə çoxaldı. Bu o deməkdir ki, Azərbaycanda marağı olan qüvvələr çalışır ki, Azərbaycan xalqının fiziki və mənəvi sağlamlığına, əmək qabiliyyətinə, ümumiyyətlə, əhalinin keyfiyyətinə zərbə vursunlar. Bunlar həmin o narkobiznes şəbəkəsində olan işçilərdən istifadə edirlər. Orda tacirlər, hüquq, mühafizə orqanlarının işçiləri, bu işlərlə peşəkarcasına məşğul olanlar da var. Ona görə həmin o düşmən tərəf Azərbaycana bu cür mənəvi zərbə vurmaq istəyənlər həmin şəbəkənin imkanlarından istifadə edirlər. Faktlar göz qabağındadır, bilinir ki, nə baş verir. Ancaq biz nə etməliyik?! Biz birmənalı olaraq bilməliyik ki, bu məsələlərin qarşısını almaq üçün elmi əsaslarla çox ciddi hazırlanmış xüsusi texnologiyalara ehtiyacımız var."

"Bunu da hansısa bir hüquq, mühafizə orqanı işçisi, məmur edə bilməz. Bunu ancaq mütəxəssislər, yəni ciddi, savadlı sosioloqlar edə bilər. Bəziləri deyir ki, sovet dövründə narkotikin qarşısı ciddi şəkildə alınmışdı. Əvvala, sovet dövründə cəmiyyətin xarakteri başqa idi və o zaman cəmiyyətin mürəkkəblik dərəcəsi indiki kimi deyildi. İndi həmin sovet dövründəki qayda-qanunu, mexanizmi tədbiq etsən, həmin effekti almaq olmayacaq. Çünki cəmiyyət xeyli mürəkkəbləşib, mürəkkəbləşdikcə də həssaslaşıb. Həssaslaşdığı üçün indiki vaxtda bu cəmiyyətlə müasir idarəetmənin, sosiologiyanın tövsiyyə etdiyi metodlarla işləmək lazımdır. Yəni əhalinin öz potensialını hərəkətə gətirmək lazımdır. Yoxsa yalnız hüquq, mühafizə orqanlarınn fəaliyyəti ilə bunu etmək qəti mümkün deyil. Bunu elə etmək lazımdır ki, əhali özü bu işə qarışsın. Bunun üçün də xüsusi texnologiyalar lazımdır. Bu texnologiyaları quraşdıran adamlar da elm adamları olub məmurlarla birlikdə qururlar. Həmin elm adamları olmadan bu mümkün deyil. Amma, təəssüf ki, Azərbaycanda bu barədə təsəvvürlər azdır. Hər hansı məmur elə hesab edir ki, o hansısa bir-iki metod tədbiq etməklə bu işlər həll olunacaq. Təəssüf ki, belə deyil. Ona görə bir boşluq var, xüsusilə də, dediyim kimi, burda elmi təhlillər aparılmalı, təhlillər əsasında da metodlar yox, texnologiyalar hazırlanmalıdır. Artıq metodlar dövrü bitib, indi texnologiyalar, yəni metodların kombinasiyaları dövrüdür. Adi bir misal deyim, biri var ki, hər hansı dağ kəndində bir adam xəstələnir ona deyirlər ki, toyuq suyu, otlardan çay iç düzələcəksən, o da düzəlir. Çünki etdikləri nələrəsə kömək edir. Amma artıq cəmiyyət mürəkkəbləşəndə, xüsusi hala gələndə, xəstəlik ağırlaşanda onu bir metodla düzəltmək olmur. Ona çox dərin kombinasiyalı tibbi metodlar tədbiq olunduğu kimi, burda da elə texnologiya metodlarə tədbiq olunmalıdır. Bunlar olmadığı müddətcə, təəssüf ki, elə bir ciddi nəticə olmayacaq".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR