Şirniyyat evi “AZZA” məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “AZZA” Qapalı Səhmdar Cəmiyyəti İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalarda ittiham olunur.
Məhkəmə işinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.
İddiaya görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinin (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) tələblərini pozub.
Bu maddəyə görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Ramid İbrahimov
















