Ötən gün 86,46 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 85,18 dollarla başa vurub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti bu gün 09:53-də bağlanış vaxtı ilə müqayisədə 1,18% azalaraq 84,14 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 79,87 dollara satılıb.
Neft qiymətləri dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çindən gələn zəif iqtisadi məlumatlar və qış təlabatları ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşıb. Belə ki, Çində ümumi ixrac gözləniləndən daha sürətli azalıb. İxrac oktyabr ayında ardıcıl altı ay azalıb. Beləliklə, keçən ilə görə yüzdə 6,4 azalaraq 274,8 milyard dollara düşüb. İxracda zəif tendensiya ilin son rübündə qlobal iqtisadiyyatın yavaşlamasından xəbər verir. Dünyada iqtisadiyyatların zəifləməsi neft tələbinə mənfi təsir edir və qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.
Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını azaltması da qlobal tədarükdə azalma olacağı ilə bağlı narahatlığı artırır.
Xatırladaq ki, ötən həftə Rusiya Energetika Nazirliyi dekabrın sonuna qədər neft və neft məhsulları ixracını may-iyun dövrünün orta göstəricisi ilə müqayisədə gündə 300 min bareldən çox azaldacağını açıqlamışdı. Səudiyyə Ərəbistanı isə bazar günü könüllü olaraq gündəlik 1 milyon barellik əlavə ixtisarı davam etdirəcəyini təsdiqləyib.
Bundan əlavə, ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşması da neftin ucuzlaşmasına dəstək verib. ABŞ dolları indeksi 0,20% artaraq 105,257 olub. Güclü dolların xarici valyuta istifadəçiləri üçün nefti bahalaşdıraraq tələbi azaldacağı gözlənilir.
Bildirilib ki, texniki olaraq Brent markalı neftin 84,93-85,06 dollar aralığı müqavimət, 84,06-83,81 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.
Ay Tac















