• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nərimanovun heykəli götürülsünmü? - Tarixçidən AÇIQLAMA

SİYASƏT

03 Aprel 2023 | 13:10 | Müəllif: Qalib İbrahimoğlu

Nərimanovun heykəli götürülsünmü? - Tarixçidən AÇIQLAMA

ir neçə gündür sosial şəbəkələrdə Naxçıvanda Nəriman Nərimanovun heykəlinin  söküldüyü barədə müzakirələr gedir. Heykəlinin sökülməsinə qarşı olanlarla yanaşı bunu dəstəkləyənlər də az deyil.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən deyilənlər təkzib olunub. bildirilib. Qeyd olunub ki, son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

"Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.

Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaq.

Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır", - İcra Hakimiyyətindən bildirilib.

Bu arada, Nəriman Nərimanovun Bakıdakı heykəlinin də söküləcəyi barədə fikirlər dolaşır.

Ümumiyyətlə, keçmiş bolşeviklərin Bakı və respublikanın digər yerlərindəki heykəl, büst, barelyefləri götürülməli, adlarına olan küçələr dəyişdirilməlidirmi? Bu, nə dərəcədə düzgündür?

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın Bakıvaxtı.az-a dediyinə görə, Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı və onlara vəzifə verilməsinin əleyhinə idi:

“Onun iradəsi ilə Mikoyan da daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə etdi, təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi. Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi. Azərbaycan respublikasının quberniya kimi Rusiya SFSR-in tərkibinə qatılması niyyətini neytrallaşdırdı. Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını aldı. Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu verdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə apardı. Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək verdi. Rusiyanın türk-müsəlman xalqlarının tərəqqisi yolunda hələ də həmin xalqlar tərəfindən minnətdarlıqla anılan xidmətlər göstərdi”.

Firdovsiyyə Əhmədova: "Nərimanov kommunist yox, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt edəcəkdi"

F.Əhmədova qeyd edib ki, Nərimanov milli mətbuatın, ədəbiyyatın, teatrın, təhsilin tərəqqisinə önəmli töhfələr verib:

“Nərimanov Azərbaycanın maarifçilik tarixində əvəzsiz xidmət göstərdi. Bütün ictimai-siyasi fəaliyyətini insanlığa xidmət meyarı ilə yönəltdiyi halda arzuladığı cəmiyyətin mövcud bolşevik modeli ilə ziddiyyətini görüb məqbul bilmədiyi üçün mənəvi iztirabları ilə ömrünü başa vurdu. Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə Xalq adamı idi”.

Tarixçi bildirib ki, Nərimanov kommunist yox, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt edəcəkdi:

“Mübarizə ağ və qırmızı Rusiya arasında getdiyi halda hər ikisi üçün Qafqaz itirilməyəcək ərazi, Xəzər hövzəsi, Bakı həyati vacib məkan idi. Qafqaz respublikalarını bolşevik təcavüzündən qurtara biləcək dəstəyi Avropa dövlətləri vermədi. 1920-ci ilin yazındakı regional və beynəlxalq geosiyasi durum Azərbaycan Cümhuriyyətinin süqutunu labüd etdi. Belə miqyaslı mənzərədə Nərimanovu prosesi önləyə biləcək amil kimi qiymətləndirmək qeyri ciddidir. Əksinə onun qeyri-azərbaycanlı hakim bolşevik çoxluğu arasında mövcudluğunun nəticələrini diqqətə alıb vəziyyəti düzgün dəyərləndirmək olar. Əks təqdirdə 1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026