Ötən gün Sumqayıtda atanın azyaşlı qızını öldürməsi, bundan əvvəl gündəmi alt-üst edən bir ailənin 5 üzvünün balta ilə qətlə yetirilməsi və baş verən belə amansız cinayətlərdən sonra sosial şəbəkələrdə “ölüm hökmü qayıtmaldır ki, dərs olsun” kimi fikirlər yer alır. Bəs görəsən həqiqətənmi ölüm hökmü qayıdarsa, cinayətlər azalacaq?

Paşa Səfərov: İnsanı insan öldürdüyü üçün məhv etmək insanlıq nümunəsi ola bilməz
Bu barədə Bakıvaxtı.az-a danışan hüquqşunas Paşa Səfərov ölüm hökmünün heç bir halda qanuna əlavə edilməsinin tərəfdarı olmadığını və bu halı insanlıq adına ləkə hesab etdiyini bildirib.
Onun sözlərinə görə, insanı insan öldürdüyü üçün məhv etmək insanlıq nümunəsi ola bilməz.
P.Səfərov Konstitusiyanın 27-ci maddəsində ölüm cəzasının nəzərdə tutulduğunu və bu nəzərdə tutulmanın hələ ki, Konstitusiyadan ləğv olunmadığını qeyd edib:
“Bu, onu deməyə əsas verir ki, ölüm cəzası nə zamansa qanunda yenidən nəzərdə tutula bilər”.
Hüquqşunasın fikrincə, ölüm cəzasının ağırlığı şəxsi cinayət törətməkdən çəkindirən amil deyil, çünki ölüm cəzası olan ölkələrdə hər il kifayət qədər insan barəsində bu cəza tətbiq olunur:
“Gələcəkdə ağır cinayətlərin baş verməsinin qarşısının alınması məsələsinə gəlincə, bu, cinayət əməlinin, eləcə də insanı həyatdan məhrum etmənin ağırlığını cəmiyyətin şüuruna təsir edəcək səviyyədə çatdırmadan asılıdır”.

Elşad Miri: Ölüm hökmünün olması hər zaman labüddür
İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a açıqlamasında Amerikanın 36 ştatında ölüm hökmünün həyata keçirildiyini, sadəcə olaraq Avropa Şurasına üzv olan ölkələrdə bu məsələnin qaldırıldığını bildirib.
Müsahibimiz Norveçdə baş verən məhşur hadisədə 70-dən çox gəncin qətlə yetirildiyini, amma bunun müqabilində həmin o insanın, həmin o 73 nəfərin valideynlərinin ödədiyi vergilər sayəsində qaldığı həbsxanada yedirilib, içirilib və müxtəlif məsələlərlə təmin olunduğunu diqqətə çatdırıb:
“O insan sadəcə azadlıqdan məhrum edilmiş olur və bu adam onlayn universitet belə oxuyur. Yəni bu ədalətdirmi? Və yaxud da bir insanın başqa insanı öldürməsi nəticəsində gedib həmin insanın ömür boyu, yəni ölənə qədər və yaxud da müəyyən bir müddətdə 15-20 il həbsdə qalması ədalətdirmi?”
E.Miri ölüm hökmünün hər zaman labüdlüyünü, Azərbaycanda da vaxtilə olduğunu vurğularaq, bu məsələnin Türkiyədə də gündəmə gətirilən bir məsələ olduğunu söyləyib:
Həmsöhbətimiz bu mövcud olan ədalət anlayışının və yaxud digər ölkələrdə mövcud olan ədalət anlayışının müzakirəyə açıq və bu müzakirə edilməli məsələlər olduğunu deyib:
“Bilmirəm hal-hazırda bu məsələ gündəmimizdə varmı, yoxmu, amma real olaraq insanlığın içindən keçən bir məsələ budur”.
Mina Mikayılova









jpg-1714551280.webp)






