Son zamanlar gənclər arasında qəfil ölümlərin sayında artım müşahidə olunur. Bu ölümlərin səbəbi əksər hallarda ürək-damar xəstəlikləridir.
Bakıvaxtı.az xəbər verir ki, son 1 ay ərzində vəfat edən tələbələr arasında 2 nəfər ürəktutmasından dünyasının dəyişib.
Bəs görəsən ölüm niyə belə cavanlaşıb? Ürək-damar xəstəlikləri ilə mübarizə etmək üçün nələrə diqqət etmək lazımdır?
Bu barədə Bakıvaxtı.az-a açıqlama verən kardioloq Emil Hasilov gənclər arasında ürək tutmasından qəfil ölüm hallarının kökündə zərərli vərdişlərin, onların yeni yaranan növlərindən istifadənin, sosial şəbəkələrdən asıllılığın dayandığını bildirib. Onun sözlərinə görə, bura əsasən enerji içkilərindən həddindən ziyadə istifadə (hansı ki, aritmiyaları provokasiya edir), elektron qəlyanlardan istifadə, son illərdə sosial şəbəkə istifadəsinin artması ilə bərabər stresin də artması, fiziki aktivliyin azalması, gənclərin yuxu rejiminin tamamilə pozulması (əksəriyyəti gecə gec saatlara qədər oyaq qalır və səhər dərsə gedirlər) durur.
Kardioloq qeyd edib ki, gənclərin qəfləti ürəktutmadan ölüm hallarının başında ürəyin ritmik fəaliyyətinin pozulması dayanır.

Emil Hasilov: Ölüm hallarının başında ürəyin ritmiki fəaliyyətinin pozulması dayanır
Həkim təhlükəli ritm pozulmalarının vaxtında aşkara çıxarıb, müalicə olunduğunun mümkünlüyü barədə xəbərdarlıq edib:
“Əgər hər hansı bir şəxsin ürək şikayəti varsa və irsiyyətində ürək xəstəliyi-miokard infarktı, ailə fərdlərinin hər hansı birində bilinən qəfləti ürək ölümünün olması, ürək xəstəliyinə bağlı keçirilmiş hər hansı bir cərrahi və ya invaziv əməliyyat varsa, yaşından asılı olmayaraq mütləq kardioloqa müraciət etməlidir”.
Müsahibimiz sonda onu da vurğulayıb ki, əvvəllər də gənclər arasında ölümlər olub. Sadəcə hazırda sosial media daha çox inkişaf etdiyindən bunlardan daha çox insanın xəbəri olur.
“Ona görə də əsas məqsədimiz zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzi sürmək və energetik içkilərdən istifadəni tamamilə azaltmaq lazımdır”, - deyə Emil Hasilov vurğulayıb.
Mina Mikayılova
















