Fransanın İle-de-Frans regionunun rəhbəri, Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd Valeri Pekres Ermənistana, daha sonra isə qanunsuz olaraq Qarabağa səfər edib. Bu da azmış kimi, o, Xankəndidən fotolar paylaşaraq erməni xalqının yanında olduğunu göstərib.
“Valeri Pekresin Ermənistana və xüsusilə Qarabağa səfəri siyasi avantüra və siyasi popilizmdir” deyən politoloq Turan Rzayev Bakıvaxtı.az-a bildirib ki, xanım namizəd bununla həm də Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir. Onun sözlərinə görə, Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər: “Hətta hazırda vəziyyət elə bir həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. Bu mənada Pekres də sələflərindən fərqli davranmır. Hesab edirəm ki, prezidentliyə namizəd də olsa Valeri Pekres Azərbaycanda arzuedilməz şəxslər siyahısına daxil edilməlidir. Məsələ bu şəxsin Qarabağa səfər etməyindən yox, qanunsuz səfər etməyindən gedir. Xanım namizəd Qarabağa səfər etmək istəyirdisə, hər halda bunu rəsmi Bakıya bildirməli idi. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Valeri Pekres və digər namizədlər ilk növbədə bunu anlamalıdırlar ki, başda ölkələri Fransa olmaqla, bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu mənada onun Qarabağa səfəri nə məqsədlə olur olsun, ölkəsinin siyasi iradəsini də pozmaq deməkdir”.
T.Rzayev bildirib ki, Paşinyan Pekresin Ermənistana səfər etməsinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan hazırkı Prezident Emmanuel Makrona əsl münasibətini göstərdi: “Məsələ ondadır ki, Paşinyan Makronun da seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı bilir. Digər tərəfdən, Pekres hazırda Makronun ən ciddi rəqibi hesab edilir. Makronun ən ciddi rəqibinin dövlət protokol atributları ilə qəbul olunması faktiki olaraq Paşinyanın Makrona xəyanət etməsinə dəlalət edir. Makron Fransa tarixində ermənilərə bu qədər açıq dəstək verən tək şəxsdir. Hesab edirəm ki, Makron Paşinyanın bu hərəkətini unutmayacaq və ikinci dəfə prezident seçilsə bu, Fransa-Ermənistan münasibətlərinə yansıyacaq”.
Hazırda Valeri Pekres Qarabağa qanunsuz səfər etməsindən daha aktual bir məsələ onun bu səfərinin necə baş tutmasıdır. Ermənistandan Qarabağa yalnız Laçın dəhlizi vasitəsi ilə daxil olmaq olar. 10 noyabr bəyanatına görə isə Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarətindədir. Maraqlıdır, Rusiya sülhməramlıları Laçın dəhlizində nə ilə məşğuldurlar?
Politoloq deyir ki, onlar işlərini və üzərilərinə düşən öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da yetirmək istəmirlər. Onun sözlərinə görə, bu məsələ ilə bağlı həm Rusiya sülhməramlılarının komandanlığına, həm də Rusiyaya xəbərdarlıq edilməlidir: “Məsələ ondadır ki, sülhməramlıların gözü qarşısında Qarabağa silah və sursat da daşınır. Sülhməramlılar əgər Valeri Pekres kimi bir şəxsin də Qarabağa qanusnuz səfərinin qarısını ala bilmirsə, onların fəaliyyəti kimə lazımdır? Rəsmi Bakı bu və bu kimi məsələlərlə bağlı ciddi ölçü götürməlidir”, - deyə siyasi ekspert bildirib.
Nuranə Daxilqızı
















