• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Patı” çəkənlər üstümə bıçaq çıxartdılar

CƏMİYYƏT

04 Oktyabr 2021 | 12:10

“Patı” çəkənlər üstümə bıçaq çıxartdılar

Ötən gecələrin birində küçəyə çıxmalı oldum. Qızım xəstələnmişdi və mən aptekə getməli idim. Gecə saat 2, qaranlığın bətninə sancılmış səkilər, yollar. Cırtdan kimi işıq gələn tərəfə üz tutdum. Dörd yolun ayrıcında küknar ağaclarının yanından keçəndə iki nəfər yeniyetmə qabağımı kəsdilər. Közərən işıq seli onların üzünə bərq vururdu. Seryialı qatillərə bənzəyir, gözləri bərəlmiş, üzlərində laqeydlik ifadəsi vardı. Məndən pul istədilər. Yoxdu deyib getmək istəsəm də üzərimə bıçaq çıxartdılar. Dabanıma tüpürüb qaçmağa başladım. Qışqırıq salmağa gecənin sükutunu pozmağa başladılar. Ara məhəllərə girib gözdən itdim. Bu gənclərə narkotik, patı lazım idi. Ona görə də məndən pul istəyirdilər.

Cəmiyyətimizdə xeyli problemlər olduğu halda, patı çəkən gənclər də göbələk kimi çoxalmağa başlayırlar. Onları sanki böyük balıq toru ilə qarmağa keçirir, sonra da istədikləri kimi istifadə edirlər. Artıq gecələr küçəyə, parka getmək, gəzmək kifayət qədər təhlükəyə çevrilib. Pandemiyadan, koronavirusdan da dəhşətlisi narkomaniyadır. Bu quyuya düşən çətin ki, ordan çıxsın. Yaşamağı, həyatı, sevgini unutduran ölümcül həzz bir gün sənin də sonunu gətirir.

Bütün dövrlərdə narkomaniya olub. Qarşısıalınmaz sel kimi insanları yarğandan uçuruma aparıb. Neyləmək olar? Gənclərimizi necə qoruyaq? Cəmiyyət olaraq həmrəylik nümayiş etdirməli, gələcəkdə baş verəcək olaylara əncam çəkməliyik.

Mən təklif edərdim ki, reklam çarxlarının bolluğundansa narkomaniyaya qarşı reklam şüuarları yaradaq. Qəsəbələrdə, məhəllərdə, şəhərin mərkəzi prospektlərində, bulvarda, parklarda, bir sözlə hər yerdə narkotikin insana verdiyi ziyanları yazaq. Fikir verin, bu həzzdən sonran insanda nələrə yaranır: ürəkbulanma, mədə və bağırsaq pozğunluqları, dəlilik, ​​ yuxusuzluq, iflic, sayıqlama, çəplik, gecə korluğu, nəfəs darlığı, öskürək və.s. Siyahını daha da uzatmaq olar.

Əziz, gənclər, həyat, yaşamaq bizə pulsuz bəxş edilən həzzlərdir. Ən kiçik şeylərlə belə insan təbii həzzlər, sevinclər, xoşbəxtliklər əldə edə bilər. Unutmayın, bu həyat bizlərə bir dəfə verilir, ömrümüzü yaddaqalan və gözəl xatirələrlə başa vuraq.

Oğuz Ayvaz

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR