• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vətənin cənnət guşəsi... olmur - Araz Aslanlı yazır

CƏMİYYƏT

02 Noyabr 2021 | 21:50

Vətənin cənnət guşəsi... olmur - Araz Aslanlı yazır

Bir daha Vətən anlayışı və Vətən torpağına yanaşma barədə...
"Qarabağın Azərbaycan üçün strateji önəmi nədir?" sualının, eləcə də milli bir məsələyə yanaşmada Şuşanın və digər müəyyən ərazilərin önəmini vurğulamaq üçün istifadə edilən "cənnət kimi yerdir" ifadəsinin qüsurlu olduğunu  illərdir ki, yazıram, deyirəm. 44 günlük müharibənin əvvəlində də bu cür yanaşmaları tənqid etmişdim. İndi də bəzən qarşıma çıxdığı üçün təkrarlamaq ehtiyacı hiss edirəm. Əlbəttə ki, coğrafi, hərbi-strateji, iqtisadi və s. cəhətllərdən hər bir rayonun, kəndin və s. özünəməxsusluğu, xüsusi üstünlüyü və s. ola bilər. 
Amma Vətən torpaqlarına yanaşma məsələsində sadə vətəndaş üçün bu ifadələr çox da mənalı olmamalıdır!
Çünki Vətən torpaqları məhz Vətən olduğu üçün müqəddəsdir. Vətən torpaqlarını məhz Vətənin bir parçası olduğu üçün qorumaq, işğaldadırsa azad etmək lazımdır.
Vətənin əlavə bir stratejik önəmi olmur. Qarabağ, Xocalı, Xankəndi hansısa kənar bir yer deyil ki, Azərbaycan ora ilə bağlı nəsə edəndə onun strateji önəminin dərəcəsini təhlil etsin. Bu, bir qədər də köçəri və mütəmadi olaraq "yaxşı" yerləri tutmağa çalışmaq təfəkkürünü əks etdirir. 
Digər tərəfdən Vətənin cənnət guşəsi, cəhənnəm guşəsi olmur. 
Dövlət də, cəmiyyət də vətən torpaqlarını təbiətinə, yaşıllıq dərəcəsinə və s. görə müxtəlif müqəddəslik dərəcəsi kateqoriyalarına bölə bilməz, bölməməlidir! 
Dövlətimiz 44 günlük müharibədə strateji təfəkkür və peşəkar idarəetmə sahəsində düşməni də və etiraf edək ki, öz vətəndaşlarımızın xeyli hissəsini də müsbət mənada yanıltdı. Vətəndaşlar olaraq bizlər də təfəkkürümüzü, yanaşmamızı müsbətə doğru dəyişdirməliyik. Köçərilikdən (və regionçuluqdan) vətəndaş olmağa doğru daha sürətlə hərəkət etməliyik. Vətənin hər qarışı eyni dərəcədə müqəddəsdir və onu azad etmək üçün Vətən olması səbəbi kifayətdir.
Araz Aslanlı

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR