Bakıda peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülmə faktı aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, məktəb rəhbərliyi dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 xidmətinə məlumat verib: “Uşaq ərizəsində təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməsini bildirib”.
K.Ağazadə bu məlumatı alan kimi aidiyyatı qurumların koordinasiya formatlı vatsap qrupuna göndərdiyini deyir.
“17 polis bölməsinin əməkdaşları, Sosial Xidmətlər Agentliyi nin əməkdaşları birgə yeniyetmə ilə işə başladılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə sonradan "üzə" çıxdı. Başda İradə xanım olmaqla, deyəsən narahat etmişik... Dediyinə görə, burda qərar verən ancaq odur. Bu, həmin icra hakimiyyəti komissiya rəhbəridir ki, zamanında azyaşlıları valideyn hüquqları məhdudlaşdıraraq uşaq müəssisəsinə verilməsi ilə bağlı məhkəmənin qərarı olduğu halda onlar uşaqları təhlükəyə atdılar. İndi isə İradə xanım çox acıqlıdır,onun işinə qarışırmışıq”, - deyə Birlik sədri bildirib.
“Burdan İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Elm və Təhsil Nazirliyi, Baş Prokurorluq, hüquq müdafiəçilərinə müraciət edirəm” deyən Kəmalə Ağazadə uşağın həyatının təhlükədə olduğunu, onun gecə döyülərək qovulduğunu, küçədə gecələdiyini vurğulayıb.
Aytac Aslan
















