Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi barədə hələlik dəqiq razılıq yoxdur.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Hələlik heç bir dəqiq razılıq yoxdur. Bilirsiniz ki, iyunun 14-də seçkilərin yekun nəticələri elan ediləcək. Seçkilərin bir çox iştirakçıları səsvermə nəticələrinə etiraz etməyi planlaşdırırlar. Nəticələrin yenidən sayılması olacaq. Bu, kifayət qədər mürəkkəb və uzun prosesdir”, - Peskov deyib.
Rusiya liderinin mətbuat katibi Paşinyanın hazırda ölkədaxili proseslərlə məşğul olduğunu güman etdiyini bildirib.
“Sonda bu seçki hekayəsinin necə yekunlaşmasından asılı olaraq, görüş barədə ikitərəfli səviyyədə qərarlar qəbul edəcəyik”, - Kreml nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, N.Paşinyan iyunun 3-də verdiyi açıqlamasında parlament seçkilərindən sonra Moskvaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını söyləmişdi.
Xatırladaq ki, iyunun 7-si Ermənistanda parlament seçkiləri keçirilib. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səslə qalib gəlib. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs toplayıb.
Bakı 



