Bu gün Azərbaycan tarixinin ən ağrılı və eyni zamanda qəhrəmanlıqla dolu günlərindən birinin - 20 Yanvar hadisəsinin 35-ci ildönümünüdür. 1990-cı ilin 20 yanvarında baş vermiş faciə Azərbaycan xalqının Sovet rejiminə qarşı mübarizəsinin simvolu oldu və müstəqillik yolundakı əzmini bir daha dünyaya göstərdu.
1980-ci illərin sonları Sovet İttifaqının daxili böhranının dərinləşdiyi, etnik və siyasi gərginliyin artdığı dövrə təsadüf edir. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX əsrlərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. Bu dövrün ən ağrılı günlərindən biri isə 1990-cı ilin 20 yanvarında baş verən faciəvi hadisə oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridildi, dinc əhaliyə divan tutuldu.
Yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsildi. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilidi.
Azərbaycan SSR Ali Soveti fövqəladə sessiyasının 1990-cı il 22 yanvar tarixli qərarı istisna olmaqla Qanlı yanvar hadisələrinin qiyməti dövlət səviyyəsində qəbul edilən heç bir qərar, bəyanat və digər rəsmi sənədlərdə öz əksini tapmayıb. 20 Yanvar faciəsi ilə bağlı olan konkret dəlillərin qəsdən Azərbaycandan çıxarılıb aparılmasına, bir sıra məxfi sənədlərin, o cümlədən mühüm arxiv sənədlərinin bütövlüklə və ya qismən məhv edilməsinə imkan verilib. Hadisələrdən ötən dörd il ərzində keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş cinayət açılmamışdır. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Qanlı Yanvar hadisələri ulu öndər Heydər Əliyevin Azərbaycana və doğma xalqının taleyinə münasibətini bir daha bariz şəkildə ortaya çıxardı. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Parlament həmin məsələyə xüsusi sessiya həsr etmiş, hadisələrin əsl səbəbləri və həqiqi günahkarların adları açıqlanmış, faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Eyni zamanda Yanvar faciəsinin xalqımızın tarixində böyük siyasi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, habelə Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərində xatirə kompleksinın yaradılması qərara alınmış, 20 Yanvar şəhidlərinin ailələrinə dövlət qayğısının göstərilməsi, həmçinin həmin hadisələrdə sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı məsələsi ulu öndər Heydər Əliyevin daim diqqətində olmuş və Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Prezident qanlı 20 Yanvar faciəsi haqqında deyib:
“20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Bu gün də 20 Yanvar, yalnız faciəvi bir tarix deyil, eyni zamanda milli birliyin, müstəqilliyin və azadlığın simvoluna çevrilib. Hər il yanvarın 20-si, bu hadisədə həyatını itirən şəhidlərin anıldığı, xalqın bir araya gəldiyi və azadlıq uğrunda mübarizənin davam etdirildiyi bir gün olaraq qeyd edilir.
Şəbnəm Zeynalova
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Bakıvaxtı.az üçün