• Bakı 34° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Qaz sayğacları niyə sıfırlanmır?

CƏMİYYƏT

03 Yanvar 2022 | 14:21

Qaz sayğacları niyə sıfırlanmır?

Adətən, qa sayğacları dekabrın 31-dən yanvarın 1-nə gecən gecə sıfırlansa da, bu il tam fərqli oldu. 2022-ci ilin 3-cü gününü yaşayırıq, amma qaz sayğacları hələ də sıfırlanmayıb. Bu, azmış kimi, əhalinin yeni ilin ilk günlərində karta yüklədiyi vəsaitdən də çıxılır.

Əhali narahatdır. Hər kəs sayğacların nə vaxt sıfırlanacağını gözləyir.

Eyyub Hüseynov: Problemlə bağlı hər gün AİB-ə çoxsaylı telefon zəngləri daxil olur

Eyyub Hüseynov

“Azəriqaz” İstehsalat Birliyinin  yanında İctimai Şuranın sədr müavini, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun  Bakıvaxtı.az-a dediyinə görə, qaz sayğaclarının sıfırlanması ilə bağlı bayram günləri də daxil olmaqla, hər gün AİB-ə çoxsaylı telefon zəngləri daxil olur: “Əhali bilməlidir ki, iki cür sayğac var: biri “smart sayğac”dır. Hansı ki, karta aparatlar vasitəsilə pul yükləyib pulu sayğaca daxil edirsən. Karta pul yükləyən zaman əgər borcun varsa, yəni pulu yükləyənə qədər limiti keçmisənsə, o pul silinir və yeni limit müəyyən olunur.

Digəri isə mexaniki sayğaclardır. Sadəcə, abonent koduna pul yükləyirsən. Həmin pul avtomatik sayğaca oturur”.

AİB sədrinin dediyinə görə, birinci halda, karta pul yükləyənə qədər ödəmən varsa, silinir: “Bunu verilən çekdən də görmək olar. Əgər borcun yoxdursa, məsələn, yanvarın 1-də 50 manat yükləmisənsə, 417 kub metrin hər kub metri 12 qəpikdən hesablanacaq. Bu rəqəm onu göstərir ki, 50 manat yükləyəndə sənə 12 qəpikdən 417 kub metr limit verilib. Yəni, sənin keçmişdən borcun yoxdur. Lakin pulu abonent koduna ödəyirsənsə, bunu görməyəcəksən. Ona görə də, bu günlərdə “Azəriqaz”ın işçiləri kimdə mexaniki sayğac varsa, hamısını yoxlayacaq və borcunu müəyyən edən sənədlər verəcək. Bu iş artıq başalanılıb. Mexaniki sayğac olan hər bir abonentin qapısı döyüləcək”.

Həmsöhbətimizə görə, borcun sıfırlanması o demək deyil ki, həmin borclar bağışlanılıb: “Belə məsələ yoxdur. Sadəcə olaraq, yeni ildən yenidən limit verilir. “Smart sayğac”la ödəyəndə bunu aydın görmək olur. Qeyd etdiyim kimi, mexaniki sayğaclarda isə, “Azəriqaz” İB-nin işçiləri əhaliyə bildirişlər verəcək. Əhali qaz sayğaclarına diqqətlə yanaşsın ki, problem yaranmasın”.

Natiq Cəfərli: “Azəriqaz”ın bu məsələni tezliklə həll etməsi üçün vətəndaşların etirazı lazımdır

Natiq Cəfərli

İqtisadçl ekspert Natiq Cəfərlinin sözlərinə görə, əgər qaz sayğacları ilə bağlı sıfırlanma olmayıbsa, vətəndaşlar dərhal “Azəriqaz”a müraciət etməlidir: “Bu, onların günahıdır. Sayğaclara texniki baxışı normal apara bilməmələrinin nəticəsidir. Ona görə də, bu məsələnin həlli, təəssüf ki, texniki olaraq ancaq “Azəriqaz”dan asılıdır. Başa düşürəm, bəlkə də, indi yüzlərlə, minlərlə abonent zəng edir, qurumdakılar fiziki olaraq cavab verməyə vaxt çatdıra bilmirlər. Amma, hər bir halda, bu, onların işi və günahıdır. Onlar bu məsələni tezliklə həll etməlidirlər”.

İqtisadçı deyir ki, bu məsələdə vətəndaşlar  əziyyət çəkməməlidirlər: “Ona görə də, bu problem bir binadan bir neçə qonşuda varsa, kollektiv və ya fərdi müraciət etməlidirlər”.

N.Cəfərlin dediyinə görə, “Azəriqaz”ın bu məsələni tezliklə həll etməsi üçün vətəndaşların etirazı və təpkisi lazımdır: “Kütləvi şəkildə müraciət edilməlidir. Təəssüf ki, bunun başqa yolu yoxdur. Texniki servis olaraq bunu, ancaq, onlar həyata keçirə bilərlər”.

"Azəriqaz" İB: Qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvarın 10-dək davam edə bilər

Yeri gəlmişkən, məsələylə bağlı bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda deyilir ki, mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır.

Məlumata görə, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər. Qeyd olunub ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.

Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərə bilər.

Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq.

Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.

Aytac Aslan


SON XƏBƏRLƏR

15 Iyul 2025