Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub.
Bakıvaxtı.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu gün səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan 11-i reanimasiya, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti son dərəcə ağır, 11-nin vəziyyəti ağır, 14-nün vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxşdir", - məlumatda qeyd olunub.
Səhiyyə Nazirliyindən bildirilib ki, 11 yaralıdan 8-i süni tənəffüs aparatına qoşulub.
Məlumatda xatırladılır ki, ümumilikdə təyyarə qəzasında xəsarət alan 27 nəfər vilayət xəstəxanasına, daha 2 nəfər isə uşaq vilayət xəstəxanasına yerləşdirilib.
Daxil olarkən bütün xəsarət alanlar lazımi müayinələrdən keçib, vəziyyətləri stabilləşdikdən sonra profillər üzrə yerləşdiriliblər. Xəstələr müxtəlif travmalar, əsasən çoxsaylı xəsarətlərlə - qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, travmatik şokla daxil olublar.
"Xəsarət alanlara tam həcmdə tibbi yardım göstərilir. Həkimlər ağır xəstələrin vəziyyətinin stabilləşməsi üçün bütün mümkün tədbirləri görür, xəstəxana dərman və avadanlıqlarla kifayət qədər təmin olunub", - Səhiyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.