Dünya siyasətində güclər balansı sürətlə dəyişir. Bir tərəfdən, İran əleyhinə yeni beynəlxalq koalisiyanın formalaşması, digər tərəfdən isə böyük dövlətlər arasında qarşıdurmanın dərinləşməsi qlobal gündəmin əsas mövzularına çevrilib.
Bu proseslər təkcə regional deyil, həm də beynəlxalq müstəvidə dövlətlərin mövqelərinə, seçimlərinə və strateji istiqamətlərinə ciddi təsir göstərir.
Azərbaycan isə bütün bu mürəkkəb siyasi mənzərə fonunda öz xarici siyasət kursunu yeniləyir, Qərblə münasibətlərində yeni səhifələr açır və beynəlxalq nüfuzunu artırmaq məqsədilə mühüm addımlar atır.
Bakıvaxtı.az mövzunun aktuallığını nəzərə alaraq politoloq Əziz Əlibəyli ilə həm İran əleyhinə beynəlxalq koalisiyanın mahiyyəti, həm də Azərbaycanın dəyişən qlobal konfiqurasiyadakı yeri barədə ətraflı söhbətləşib.
-İlk olaraq, beynəlxalq gündəmdə İran əleyhinə koalisiyanın formalaşmasından danışaq. Bu prosesin mahiyyəti nədən ibarətdir?
- Hazırda İran əleyhinə beynəlxalq miqyasda yeni bir koalisiya formalaşır. Bu koalisiya daha çox Qərb güclərinin ətrafında cəmləşərək konsolidasiya olunur. Əslində, bu proses təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik müstəvisində özünü göstərir. Yəni artıq sanksiyalar və təzyiq vasitələri beynəlxalq siyasətin ayrılmaz parçasına çevrilib.
- Bu kontekstdə 2015-ci il nüvə sazişi və sanksiyalar məsələsini necə qiymətləndirirsiniz?
- Xatırlatmaq lazımdır ki, 2015-ci ildə İranın uranın zənginləşdirilməsi ilə bağlı atdığı addımlara qarşı üç Avropa ölkəsi tərəfindən - ovaxtkı xarici işlər naziri Cavad Zərif dönəmində - xüsusi mexanizmlər işə salınmışdı. Məqsəd, İranın nüvə proqramına, beynəlxalq ticarət əlaqələrinə və iqtisadi dayaqlarına ciddi zərbə vurmaq idi. İndi isə həmin siyasət daha geniş miqyasda və daha sərt şərtlərlə davam etdirilir.
- BMT bu məsələdə hansı mövqe sərgilədi?
- BMT 80-dən çox ölkə qarşısında çox açıq bir seçim qoydu: ya Çin-Şanxay istiqamətini seçməlisiniz, ya da Qərb blokunu. Çünki artıq dünyada iki əsas qütb formalaşıb və bunlar sadəcə iqtisadi deyil, həm də hərbi-siyasi mərkəzlərdir. Onların qarşıdurması qaçılmazdır və dövlətlər arada qalaraq əzilməmək üçün öz strateji kurslarını müəyyən etməlidirlər.
- Türkiyənin mövqeyi bu fonda necə görünür?
- Türkiyə rəhbərinin BMT-də iştirakı və ABŞ Prezidenti ilə görüşü xüsusi əhəmiyyət daşıdı. Bu görüş nəticəsində Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni bir səhifə açıldı. Bu, həm regional balans baxımından, həm də Türkiyənin özünün beynəlxalq çəkisi baxımından mühüm siqnal idi.
- Konkret sanksiya addımları barədə nə deyə bilərsiniz?
- Artıq bəzi dənizçilik və enerji şirkətlərinə, həmçinin İranla bağlı 22 nəfər iş adamına və 17 təşkilata qarşı sanksiyalar tətbiq olundu. Onların Türkiyədəki investisiyaları donduruldu. Bu addımlar Tehranın iqtisadiyyatına daha böyük təzyiq yaradacaq. Əsas məsələ isə budur ki, İranın uzun illər sanksiyaları dolanmaq üçün istifadə etdiyi “kölgə iqtisadiyyatı” getdikcə sıradan çıxarılır.
- İndi isə Azərbaycan mövzusuna keçək. Beynəlxalq konfiqurasiyanın yeni inkişaf istiqamətləri fonunda Azərbaycanın mövqeyini necə görürsünüz?
- Azərbaycan bu dəyişən qlobal mühitdə, xüsusən də Qərbdə “nation-branding” istiqamətində yüksələn dinamika üzrə irəliləyir. Bu, təkcə siyasi deyil, həm də iqtisadi və imic xarakterli bir xətdir. İtaliya rəhbərinin Bakıya səfəri, Almaniya ilə münasibətlərdə yeni səhifələrin açılması, Fransa və Azərbaycan prezidentlərinin görüşündə ortaya çıxan yanaşmalar, eləcə də Ermənistanla imzalanması gözlənilən sülh müqaviləsi və ABŞ ilə əlaqələrin dərinləşdirilməsi bu istiqamətin bariz nümunələridir.
- Yəni Azərbaycan xarici siyasət kursunu dəyişirmi?
- Tam olaraq dəyişiklikdən yox, yenilənmədən danışmaq olar. Azərbaycan artıq öz xarici siyasətini beynəlxalq müstəvidə daha çevik, qərbə inteqrasiya yönümlü və yeni standartlar əsasında qurmağa başlayır. Burada həm milli maraqların qorunması, həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də Avropa ilə iqtisadi-sosial əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
- Bu siyasətdə hansı maneələr görünür?
- Ən mühüm faktor Qərbdə güclü təsir imkanlarına malik erməni lobbiçiliyinin neytrallaşdırılmasıdır. Paralel olaraq, Qarabağ sənaye və iqtisadiyyatının beynəlxalq kapital üçün cəlbedici bir mərkəzə çevrilməsi əsas hədəflərdəndir.
- Azərbaycanın enerji siyasəti kontekstində COP29-dan sonrakı mərhələ necə dəyərləndirilə bilər?
- Azərbaycan enerji lideri kimi COP29-dan sonrakı mərhələdə öz dövlət imicini daha yüksək səviyyəyə daşımaq niyyətindədir. Bu, həm ölkənin beynəlxalq nüfuzunu artıracaq, həm də iqtisadi sabitliyi gücləndirəcək.
- Yekun olaraq, Azərbaycanın əsas strateji hədəflərini necə ifadə edərdiniz?
- Əsas hədəf milli gücü möhkəmləndirmək, iqtisadi dayanıqlığı təmin etmək və beynəlxalq nüfuzu daha da artırmaqdır. Azərbaycan dəyişən qlobal düzəndə məhz bu məqsədlərlə hərəkət edir.
Əli Hüseynov