“Bakı şəhərində torpaq istifadəsi və köhnə binaların köçürülməsi problemləri qalmaqdadır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Ramiz İsayev səsləndirib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində torpaq sahələrinin istifadəsi və köhnə binaların köçürülməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bu proseslər zamanı bir sıra narahatlıqlar yaranır.
İdarə Heyətinin sədri bildirib ki, köhnə binaların köçürülməsi dövlət dəstəyi ilə həyata keçirilir, lakin əvəzində verilən torpaq sahələri, yeni yaşayış yerləri və sahibkarlıq imkanları ilə bağlı müəyyən çatışmazlıqlar hələ də qalmaqdadır.
“Mövcud vəziyyət göstərir ki, əhalinin təxminən 90 faizindən çoxu köçürülmə prosesindən narazıdır. Eyni zamanda, torpaq sahələrinin istifadəsi, sənədləşmə proseslərinin gecikməsi və yaşayış sahələrinin qiymətinin artması məsələləri də ciddi müzakirə tələb edir”, – deyə o qeyd edib.
ATİA rəhbəri əlavə edib ki, Azərbaycan sahibkarları bu proseslərdə dövlətin dəstəyi və şəffaf mexanizmlərin tətbiqinə ehtiyac duyurlar.
“Beynəlxalq investorların marağı yüksəkdir, lakin proseslərin qeyri-müəyyənliyi və hüquqi boşluqlar onların fəaliyyətini çətinləşdirə bilər. Buna görə də qanunvericiliyin təkmilləşdirilməsi və sahibkarlığın təşviqi vacibdir”, – deyə o vurğulayıb.
Sonda R.İsayev qeyd edib:
“Milli Məclisdə bu məsələlər müzakirə olunmalı, konkret qərarlar qəbul edilməlidir. Dövlət qurumlarının bu prosesə daha effektiv yanaşması və vətəndaş məmnuniyyətini təmin edən mexanizmlərin qurulması vacibdir”.
Mina Mikayılova