Yəqin ki, hər kəs bir dəfə də olsa, həkim məsləhəti olmadan aptekdən dərman alıb. Hər zaman olmasa da, bəzən həkim müayinəsi olmadan aptek işçilərinin məsləhəti ilə aldığımız dərmanlar əks təsir göstərə bilir.
Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, xəstələrin müəyyən qismi problemlə bağlı dərman almaq üçün apteklərdən məsləhət alırlar: “Bu gün xəstələrin poliklinikalara, tibb ocaqlarına müraciət etmək üçün imkanları zəifdir. O nöqteyi-nəzərdən xəstəxanaya müraciət edə bilmədiklərindən məcbur olub çıxış yolunu apteklərdə tapırlar”.
R.Bağırov deyir ki. əslində, aptek işçisinin həkimin müraciəti olmadan hər hansı bir dərman verməyə ixtiyarı yoxdur: “Çünki aptek işçisi sadəcə satıcıdır, dərmanların adını əzbər bilir, 6 ay kurs keçib gəlib oturub orda. Həkim bir xəstə üçün dərman yazanda onun bir çox tərəflərini nəzərə alır. Bu məsələ “bu dərmanı at” demək kimi bəsit şəkildə həll olunmur. Ona görə, apteklərdə həkim məsləhəti olmadan dərman verilməsi düzgün deyil”.
Onun sözlərinə görə, apteklərdə həkim resepti olmadan başağrısına qarşı dərmanlar verilə bilər: “Aptek işçisinin ağrıkəsici olsa belə, ağır pereparatlı dərmanları xəstəyə təklif etmək ixtiyarı yoxdur. Maksimum çalışılmalıdır ki, dərmanlar həkim resepti ilə alınsın. Çünki həkim elə-belə resept yazmır. Resept yazılan zaman xəstənin bütün xəstəlikləri ilə tanış olunur, hansı dərmanın digər orqanlara ziyan vermə ehtimalı nəzərə alınır. Aptekdə, təbii ki, bütün bunlar nəzərə alınmır, ümumi ad altında dərmanlar verilir”.
Həkim bildirib ki, adi apteklərdə xəstə yoxlanılmamış soyuqdəyməyə qarşı dərmanlar verilir: “Bəlkə bu xəstənin ağ ciyərində pnevmoniyası var?! Xəstə də dərmanı atıb özünü bir balaca yüngül hiss edir, ancaq ciyərindəki xəstəlik xroniki formaya keçir. Xəstə bir də onda ayılır ki, tez-tez xəstələnir, artıq xəstəliyi sağalası halda deyil. Bu hal həmin xəstənin ömrünü qısaldır, ürək və digər xəstəlikləri yaradır”.
Aytac Aslan
















