Cari il noyabrın 4-dən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən “AnewZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq.
Bakıvaxtı.az Azərtac-a istinadla əbər verir ki, bunu “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.
R.Həmzəyev bildirib ki, “AnewZ” TV siyasi, iqtisadi, mədəni və sosial sahələrdən operativ, dolğun xəbərlər, canlı yayımlar, tok-şoular, eksklüziv müsahibələr, sənədli filmlər təqdim edəcək: “AnewZ”ın proqram siyasətində məzmun rəngarəngliyi, həmçinin təmsil etdiyimiz regionun beynəlxalq münasibətlər sistemində əhəmiyyəti xüsusi vurğulanacaq, dünya ictimaiyyətinin buraya fərqli bucaqdan baxışı təmin olunacaq”.