• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Ustadın səneyi-dövriyyəsinə İTHAF

MEDİA

28 Noyabr 2024 | 15:11

Ustadın səneyi-dövriyyəsinə İTHAF

Vətənin azad səsi, maarif nurunun şəfəqi, tariximizdə yandırdığın məşəl əbədiyyətə qədər yaşayacaq.

Hər səhifəsi maariflə dolu olan "Əkinçi" qəzetində qələmə aldığın sözlər, sadəcə kağız üzərində qalmadı. O sözlər vicdanlara işləyib, fikirlərə yol tapdı, ürəklərdə bir işıq yandırdı.

Sən çətin dövrün mübarizəsi idin. Cəhalətlə döyüşün silahsız qəhrəmanı oldun. Sözün gücü ilə qaranlıqları yarıb keçdin. Hər gün əlinə qələm alanda, xalqının taleyini yazırdın, gələcəyini toxuyurdun. Əkinçi yalnız qəzet deyildi; əkinçinin hər xətti, hər nöqtəsi millətin oyanışının sədası idi.

Səni qələmə aldığım bu yazıda sözlər yetərsizdir, Həsən bəy. Sənin ruhun hələ də aramızda dolaşır, köhnə zamanın zülmətində sıxılmış qəlblərimizə ümid verir. Maarif, elm, həqiqət yolunda yandırdığın şamlar sönməz işıq kimi yolumuzu göstərir.

Həsən bəy, sən bir maarif atası, bir vətən sevgisinin bədəli idin. Səni düşünərkən qəlbimdə bir qürur hissi baş qaldırır. Çünki sən yalnız keçmişin deyil, həm də bu günün və sabahın qəhrəmanısan.

Görəsən, sən o dövrlərdə bu qədər uzaq gələcəyi təsəvvür edə bilərdinmi? Bugünkü nəsillər sənin yazdığın maarif yolunun işığında böyüyür. Çox şey dəyişib, Həsən bəy, amma dəyişməyən bir həqiqət var: Sənin bizə miras qoyduğun fikir mübarizəsi.

Bu gün sənin əziz ruhuna bir daha səcdə edir, səni sayğı ilə yad edirik. Nə xoşbəxtik ki, bizim tariximizdə sənin kimi şəxsiyyətlər var!

Həsən bəy, sən bizim vicdanımızın səsi, maarifimizin əbədi mayakı, xalqımızın qürurusan!

Əli Hüseynov


SON XƏBƏRLƏR