• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Gənc jurnalistlər nələrə diqqət etməlidir?

MEDİA

04 Noyabr 2024 | 16:28

Gənc jurnalistlər nələrə diqqət etməlidir?

Müasir informasiya cəmiyyəti hər gün bir qədər daha mürəkkəbləşir və medianın rolu getdikcə əhəmiyyət qazanır. Xüsusilə də sosial şəbəkələrin təsiri ilə ənənəvi medianın funksiyaları dəyişsə də, jurnalistikanın əsas dəyərləri və prinsipləri aktual olaraq qalır.

Bu sahədə ilk addımlarını atan gənc jurnalistlər isə həm sürətlə dəyişən informasiya məkanına uyğunlaşmalı, həm də peşəkar prinsipləri qoruyaraq ictimaiyyəti obyektiv məlumatlarla təmin etməlidirlər. Gənc jurnalistlərin fəaliyyətləri zamanı diqqət etməli olduqları başlıca məqamlar arasında obyektivlik, etik normalara riayət, dəqiqlik, araşdırma bacarığı, peşəkar inkişaf və auditoriya ilə əlaqənin qurulması mühüm yer tutur.

Bəs gənc jurnalistlər fəaliyyətləri zamanı nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin dosenti Qərənfil Dünyaminqızı bildirib ki, yeni nəsil jurnalistlərin öz peşəkar fəaliyyətlərini obyektivlik və qərəzsizlik üzərində qurması onların etibarlı informasiya daşıyıcısı olaraq cəmiyyətdə özlərinə yer tapmalarına kömək edir:

"Jurnalist xəbəri təqdim edərkən dəqiq, qərəzsiz və obyektiv olmalıdır. Çünki informasiya mənbələrinin düzgün təqdim olunması və faktların dəyişdirilmədən ictimaiyyətə çatdırılması jurnalistin nüfuzunu artırır və ona olan etibarı gücləndirir. Obyektiv yanaşma həm də hadisələrin hərtərəfli araşdırılmasını tələb edir. Bu, jurnalistin nəinki hadisənin özünə, həm də bütün əlaqəli faktorlarına, tərəflərin baxış bucaqlarına eyni dərəcədə yer verməsi deməkdir. Obyektivliyi qorumaq yalnız jurnalistin fərdi seçimlərindən asılı deyil, həm də onun peşəkar prinsiplərə sadiqliyini göstərir. Bu isə bir jurnalistin etibarlılığı və nüfuzu üçün vacib amildir".

Onun sözlərinə görə, gənc jurnalistlər hazırda mütləqdir ki, milli-mənəvi dəyərlərlə bağlı məsələlərə diqqət yetirməlidirlər:

Milli-mənəvi dəyərlər jurnalistika sahəsində də böyük təsirə malikdir. Hər bir cəmiyyətin jurnalistləri həmin cəmiyyətin milli-mənəvi dəyərlərinin daşıyıcısı və qoruyucusudur. Bu dəyərlər jurnalistlərin yazı üslubunda, mövzu seçimi zamanı və xəbərləri təqdimetmə tərzində özünü göstərir. Azərbaycan jurnalistikasında milli-mənəvi dəyərlərin təsiri aşağıdakı aspektlərdə diqqəti çəkir:

"Milli-mənəvi dəyərlərə bağlı olan jurnalistika, Azərbaycan mədəniyyətini, tarixini, milli qəhrəmanları və adət-ənənələri oxuculara tanıtmaqla milli kimliyin qorunmasına xidmət edir. Milli mənəvi dəyərlərə uyğun mövzulara üstünlük vermək, bu mövzuları işıqlandırmaq və cəmiyyətin mənəvi köklərini gücləndirmək jurnalistikanın əsas funksiyalarından biri kimi qəbul olunur. Milli-mənəvi dəyərlər jurnalistlərin peşə etikası və əxlaq normalarını müəyyənləşdirən əsas qaynaqdır. Jurnalistlərin fəaliyyətlərində ədalət, dürüstlük və obyektivlik prinsiplərinə riayət etməsi, cəmiyyətin ona olan etibarını artırır. Onların milli-mənəvi dəyərlərə hörmət edərək, həssas məsələləri etik çərçivədə təqdim edir, şəxsi həyat və məxfiliyə hörmət göstərir. Bu, cəmiyyətə obyektiv və düzgün məlumat çatdırmaqla yanaşı, jurnalistlərin məsuliyyətini və etikasını önə çıxarır".

Qərənfil Dünyaminqızı: Jurnalistika milli dəyərlərin vacib daşıyıcısıdır

Müsahibimizin sözlərinə görə, jurnalistika vasitəsilə milli adət-ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi üçün geniş imkanlar yaranır. Jurnalist bildirib ki, milli bayramlar, adətlər və ənənələr haqqında yazılan məqalələr və yayımlanan reportajlar bu dəyərləri yaşadır və cəmiyyətə tanıdır. Bu, xüsusilə xaricdə yaşayan azərbaycanlılar və diaspora üçün vacibdir, çünki milli-mənəvi dəyərlərin qorunması onların öz mədəniyyətlərinə bağlılığını təmin edir:

"Jurnalistika milli dəyərlərin vacib daşıyıcısı olan dili qoruma və inkişaf etdirmə funksiyasını daşıyır. Azərbaycan jurnalistləri yazılarında ana dili saf şəkildə istifadə edərək, dilin təmizliyini və zənginliyini qoruyur, gənc nəsillərin öz ana dilini sevməsinə və onunla fəxr etməsinə şərait yaradır. Məsələn, milli-mənəvi dəyərlərə uyğun olaraq müəyyən edilmiş terminlərin işlədilməsi, milli ifadələrin qorunması və dildən səmərəli istifadə milli ruhun jurnalistikada ifadə olunmasına kömək edir.

Milli-mənəvi dəyərlər cəmiyyətdə həssaslıq tələb edən mövzulara yanaşmada da öz təsirini göstərir. Həmçinin, xarici media subyektləri ilə əlaqə quraraq, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənətini tanıdan materiallar hazırlamaq, Azərbaycanın dünyada daha yaxşı tanınmasına xidmət edir. Bu, eyni zamanda Azərbaycan haqqında düzgün və obyektiv informasiya yaymaq üçün mühüm bir vasitədir".

Qərənfil Dünyaminqızı diqqətə çatdırıb ki, milli şüur da jurnalistikanın cəmiyyətə təsirində və milli kimliyin qorunmasında mühüm yer tutur:

"Jurnalistlər milli şüuru formalaşdıran və gücləndirən əsas qüvvələrdən biri olaraq cəmiyyətə tarixi həqiqətləri, milli dəyərləri və vətənpərvərliyi aşılayırlar. Milli şüurun jurnalistikada özünü necə büruzə verdiyi və jurnalistlərin milli şüuru gücləndirməkdəki rolu bir neçə əsas istiqamətdə təzahür edir. Jurnalistika milli dəyərləri qorumaq və onları təbliğ etmək üçün güclü vasitədir. Milli şüurun əsas daşıyıcısı olan milli dəyərlərin qorunması jurnalistlər tərəfindən cəmiyyətə çatdırılan informasiya və mədəniyyət sahələrində önəmli yer tutur. Xüsusilə, dilin təmizliyi, adət-ənənələrə hörmət, milli musiqi və incəsənətin tanıtımı kimi sahələrdə milli şüurun qorunması və təbliği, jurnalistlərin işi vasitəsilə daha geniş kütlələrə çatır. Bu, həm yerli auditoriya, həm də Azərbaycan mədəniyyətinə maraq göstərən xarici oxucular üçün cəlbedici mövzuların yaranmasına səbəb olur".

Son olaraq jurnalist diqqətə çatdırıb ki, qloballaşma prosesində milli kimliyin və dəyərlərin qorunması vacib məsələdir. O, bildirib ki, qloballaşmanın gətirdiyi dəyişikliklər və xarici təsirlər milli şüurla bağlı işlərin daha da artmasına təkan verməlidir:

"Jurnalistlər xarici təsirləri milli şüur prizmasından analiz edərək cəmiyyətə təqdim edən jurnalistlər cəmiyyətin xarici təsirlərdən mənfi təsirlənməsinin qarşısını alır və milli kimliyin qorunmasına töhfə verir. Onlar bu şüuru qorumaqla cəmiyyətin mənəvi bütövlüyünə xidmət edir, milli kimliyi və dəyərləri yaşadır və yeni nəsillərə aşılayırlar. Milli şüurla formalaşan jurnalistika yalnız informasiyanı ötürməklə kifayətlənmir, eyni zamanda cəmiyyətin mədəniyyət və kimlik yaddaşını qoruyur".

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Dekabr 2024