“Qlobal sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir etməkdədir”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb: “Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın dəyər itirib. Hətta rəsmi kursda da belə rublun ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb. Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar olmasa da investisiyanın ölkəni tərk etməsi real sektora təsirsiz ötüşmür”.
Deputat deyib ki, digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən bu ayın sonunda qüvvəyə minəcək: "Bu is o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir.
Eyni zamanda, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcmini təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür".
V.Bayramodun sözlərinə görə, öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu arada isə Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoymaqdadır.
Aytac Aslan
















