“Rusiya yenə də hər iki ölkə arasında yaranmış soyuq münasibətlərin səbəblərini və bundan çıxış yollarını təhrif etməkdə, yanlış istiqamətlərə yönəltməkdədir”.
Bunu Bakıvaxtı.az-a politoloq Əli Orucov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü mariya Zaxarovanın Rusiya-Azərbaycan münasibərləri barədə dediklərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskvanın Azərbaycana qarşı atdığı addımlar, Qrozni istiqamətinə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında bu ölkənin Silahlı Qüvvələri tərəfindən raket sistemləri ilə vurulması və bilərəkdən ölümə göndərməsi düşmənçilik idi:
“Kreml 2022-ci ildə imzalan Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsinə xəyanət etdi. Bu xəyanətini və düşmənçiliyin bağışlanması üçün Bakıdan üzrxahlıq etmək, gərəkən addımları atmaq əvəzinə şantaj, hədə və güc dilində danışması məqbul deyil. Bu gün də Azərbaycana qarşı Rusiya mediası təbliğat və informasiya müharibəsi aparmaqdadır. Belə atmosferdə isə Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması mümkün deyil”.
Əli Orucov: Kremlin Bakıdan üzrxahlıq etmək əvəzinə şantaj, hədə və güc dilində danışması məqbul deyil
Müsahibimiz bildirib ki, Moskva mənasız iddiasını və ambisiyasını yerə qoyub Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Politoloq bildirib ki, ola bilsin Rusiyada istənilən şəxsi həbs edib, istənilən vaxtı da həbsdən azad edirlər:
“Ancaq Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəsin hüquqları qorunur və Rusya vətəndaşları da ciddi hüquqpozmalara görə həbs olunublar. Onların barəsində ibtidai istintaq və araşdırmalar aparılır, istintaqın, araşdırmaların nəticələrinə uyğun olaraq da barələrində hansısa qərar çıxarılacaq. Rusiya vətəndaşlarının azad edilməsi və yaxud həbsdə qalmalarının iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində heç bir məna və əhəmiyyət daşımır”.
Qeyd edək ki, M.Zaxarova bildirib ki, Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması istiqamətində vacib addımdır. Onun sözlərinə görə, bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib:
“Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”.
Murad Məmmədli