Suriya keçid hökumətinin Rusiyadan cənub bölgələrində hərbi polis patrullarını bərpa etməsini istədiyi xəbəri, Yaxın Şərqdəki güc balansına dair yeni suallar doğurub. Əgər bu addım gerçəkləşərsə, yalnız Suriya daxili siyasətində deyil, həm də ABŞ-İsrail münasibətlərində ciddi dəyişikliklər baş verə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu proses üç istiqamətdə təsir edə bilər: birincisi, ABŞ-nin bölgədəki hərbi mövcudluğu ilə bağlı siyasətində yenidən baxış aparması; ikincisi, İsrailin öz təhlükəsizlik strategiyasını sərtləşdirməsi; üçüncüsü isə Vaşinqton-Təl-Əviv koordinasiyasının daha intensiv formaya keçməsi.
Müsahibimiz qeyd edib ki, İsrail açıq hərbi qarşıdurmadan qaçmağa, amma kəşfiyyat, diplomatiya və regional tərəfdaşlıqlar vasitəsilə Rusiyanın təsirini məhdudlaşdırmağa çalışacaq. Bu, xüsusilə Suriya hava məkanının idarə olunmasında özünü göstərə bilər.
ABŞ-nin bu durumda hansı addımları atacağına gəlincə, politoloqa görə, Vaşinqton ehtimal ki, İsrailin təhlükəsizlik ehtiyaclarını daha çox ön plana çəkəcək, hərbi yardım paketlərini genişləndirəcək və bölgədəki müttəfiqlərlə birgə koordinasiyanı artıracaq.
Züriyə Qarayeva: Əgər Moskva dönərsə, bölgədə çoxqütblü təsir sistemi daha da güclənəcək və...
Bəs Rusiya-İsrail münasibətlərində nə baş verə bilər? Z.Qarayevanın bu suala cavabı belə olub:
-Hər iki tərəf tam qarşıdurmadan qaçmağa çalışsa da, taktiki gərginliklər qaçılmazdır. Xüsusilə İranın Suriyada mövqelərinin yenidən güclənməsi ehtimalı bu münasibətləri daha mürəkkəbləşdirə bilər.
Həmsöhbətimiz bildirib ki, Rusiyanın hərbi varlığı keçid hökumətinə müəyyən siyasi dayanıqlıq gətirə bilər, amma digər xarici oyunçuların - xüsusilə ABŞ və Türkiyənin - balanslaşdırıcı addımlarını da qaçılmaz edər.
“Əgər Moskva dönərsə, bölgədə çoxqütblü təsir sistemi daha da güclənəcək və bu, Yaxın Şərqdə uzunmüddətli sabitliyin əldə edilməsini bir qədər də çətinləşdirəcək”. –deyə Züriyə Qarayeva ümumilikdə bu ssenarilərin bölgənin gələcəyinə təsirini dəyərləndirib.
Zülfü Məmmədov