• Bakı 22° C

    16.45 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Rusiyada alver edən soydaşlarımızın taleyi necə olacaq? - Azərbaycanlıların orada çalışması...

CƏMİYYƏT

03 Iyul 2025 | 09:29

Rusiyada alver edən soydaşlarımızın taleyi necə olacaq? - Azərbaycanlıların orada çalışması...

Məlumdur ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.

Bu hadisə ölkəmizdə geniş müzakirələrə və etiraza səbəb oldu. Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və zorakılıq əməllərindən sonra Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edildi.

Cəmiyyətdə gedən müzakirələrdən biri də Rusiyada yaşayan və orada ticarətlə məşğul olan sıravi vətəndaşlarımızın aqibəti ilə bağlıdır. Danılmaz faktdır ki, Rusiyada kifayət qədər soydaşlarımız yaşayır və orada öz həyatlarını qurublar.

Bəs görəsən, Azərbaycanla Rusiya arasında yaşanan hazırkı gərginlik fonunda Rusiyada ticarətlə məşğul olan soydaşlarımız üçün hansısa təhlükələr varmı? Rusiyada fəaliyyət göstərən sahibkarlarımızın ölkəmizə qayıtması üçün addımlar atılmalıdırmı?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, siyasi münasibətlərin pozulması fonunda digər sahələrə balta vurmağa ehtiyac yoxdur:

"Azərbaycandan Rusiyada kifayət qədər çox sayda işçi qüvvəsi mövcuddur. Bu işçi qüvvəsi arasında fəhlələr, sahibkarlar, dövlət vəzifələrində çalışanlar da var. Yəni, məsələnin çox dərinliyinə getməyə ehtiyac yoxdur”.

Müsahibimiz vurğulayıb ki, Rusiyada yaşayan vətəndaşlarımızın ölkəmizə qayıtması gözlənilmir. Ekspert qeyd edib ki, Azərbaycanla Rusiya arasında geniş spektrdə iqtisadi, ticari əlaqələr  mövcuddur:

“Siyasəti münasibətlərin pozulması fonunda hər şeyə balta vurmaq lazım deyil. Rusiyada yaşayan vətəndaşlarımız Azərbaycanın iqtisadi inkişafına kifayət qədər böyük töhfə verirlər. Orada çalışan soydaşlarımız ölkəmizdə yaşayan ailələrinə maliyyə yardımı etməklə, pul axınının təşkilində iştirak edirlər".

Pərviz Heydərov: Rusiyada yaşayan vətəndaşlarımızın ölkəmizə qayıtması gözlənilmir

P.Heydərov bildirib ki, 2023-cü ildən sonra Rusiyadan Azərbaycana pul axını əhəmiyyətli dərəcədə azalmışdı. Bunun səbəbi Ukrayna ilə münaqişənin başlaması və Rusiyada iqtisadi vəziyyətin pisləşməsi idi. Bu isə Rusiyada çalışan azərbaycanlıların gəlirlərinin kəskin azalmasına səbəb olmuşdu. Ona görə də azərbaycanlıların Rusiyada çalışması bizim üçün vacibdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR