Səhər oyanmaq və yataqdan qalxmaq günün normal bir hissəsi olsa da, günə başlamaq bəzilərimiz üçün çox daha çətin ola bilər.
Bakıvaxtı.az xarici mediaya istinadən bildirir ki, insanların çoxu enerjili oyanıb günə təravətli başlamaq üçün qəhvə içsə də, əslində bunsuz da günə enerjili başlamaq mümkündür.
Təbii üsullar və praktik məlumatlar sayəsində səhərlər günə çox daha asan başlaya bilərsiniz. Səhər oyandığınız zaman özünüzü ləng hiss edirsinizsə, təbii üsullarla enerjinizi bərpa etmək olar.
Günə enerjili başlamağın açarı sayılan təbii üsullar bunlardır:
İlıq su və limon: Səhər yuxudan duranda ilıq suya bir neçə damcı limon suyu sıxıb içə bilərsiniz. Səhər təzə sıxılmış limonlu su içmək maddələr mübadiləsini sürətləndirir, həzmi dəstəkləyir və zehni təmizləyir. Bütün bu sağlam təsirlərlə günə çox daha enerjili başlamaq mümkündür.
Üzü soyuq su ilə yumaq: Bu, səhər oyandığınız zaman ilk işinizi təkrarlamalı olduğunuz bir vərdişdir. Səhər yuxudan duranda üzünüzü soyuq su ilə yumaq üzdə qan dövranını sürətləndirir. Yuxu hissini azaltmağa kömək edir və enerji artımını təmin edir.
Təbii işıqla oyanmaq: Səhər günəş işığına məruz qalaraq oyanmaq orqanizmin bioloji saatını tənzimləyir. Eyni zamanda beyninizə səhər olduğu siqnalı göndərilir və melatonin istehsalı azalaraq oyanmağı asanlaşdırır. Bu vərdiş həm də əhval-ruhiyyəni yaxşılaşdırır.
Yüngül idman və gərmə: Səhər oyandığınız zaman günə sadə gərmə hərəkətləri və yüngül məşqlərlə başlamaq bədəndəki enerji səviyyələrini artırır. Əzələləri və zehni stimullaşdıraraq oyanışı təmin edir. Beləliklə, günə daha motivasiyalı və enerjili başlaya bilərsiniz.
Alidə Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az