"04 aprel 2025-ci il tarixində saat 12 radələrində “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Xoşbəxt Qadınlar Klubu” adlı qrupda naməlum şəxs tərəfindən şirkətimizin istehsalı olan “Səyyah” kolbasa məhsulu ilə bağlı əsassız və təxribat xarakterli paylaşım edilib. Paylaşımda məhsulun tərkibindən guya yad cismin – dəmir parçasının çıxması iddia olunmuş və bu barədə bəzi fotoşəkillər əlavə edilib".
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Zəhmət-Ruzi MMC- nin Hüquq şöbəsinin müdiri Mədinə Leqayeva məlumat verib.
Onun sözlərinə görə, kolbasa məhsulunun istehsal texnologiyası belə bir halın yaranmasını mümkünsüz edir. İzah edib ki, kolbasa istehsalı zamanı ət və ədviyyatlar birlikdə qarışdırılaraq farş halına salınır, daha sonra isə bu qarışıq xüsusi qlaflara doldurulur. Bu prosesdə kütlənin içində böyük ölçülü bir dəmir parçasının qalması texnoloji baxımdan mümkünsüzdür.
"Hazırda məsələ araşdırılır və paylaşımı edən şəxslə əlaqə yaratmaq üçün tədbirlər görülür. Həmin şəxsin kimliyini gizlətməsi və əməkdaşlarımıza cavab verməməsi bu hadisənin şirkətimizin bazardakı nüfuzuna xələl gətirmək məqsədi daşıyan qəsdən təşkil olunmuş kampaniya ola biləcəyini düşünməyə əsas verir. Son dövrlərdə “SAB” brendinə olan alıcı marağının artması rəqib şirkətlərin qərəzli yanaşmasına səbəb ola bilər.
Qeyd olunan məhsulun istehsal tarixi müəyyənləşdirildiyi halda, həmin partiyadan olan məhsulların laborator analizlərinin aparılmasına və nəticələrin ictimaiyyətə açıqlanmasına tam hazırıq. Şirkətimiz daim şəffaflıq prinsipinə sadiqdir və istehlakçılara açıq qapı günləri vasitəsilə istehsal prosesini izləmək imkanı yaratmaqda davam edir.
"SAB" brendi altında fəaliyyət göstərən “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətində iş saatları həftənin beş günü, saat 09:00-dan 18:00-dək müəyyən edilmişdir. İstehsal prosesi ilə bağlı sual və ya şübhəsi olan istehlakçılar əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt müəssisəyə gələrək istehsal prosesi ilə birbaşa tanış ola bilərlər",- deyə bildirilib.
***
4 aprel
14:57
"Yayılan görüntü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürüləcək".
Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.
Qeyd olunub ki, məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq.
"İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda, araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat versinlər",- deyə qurumdan bildirilib.
***
12:09
"Bu gün səhər yeməyə kolbasa kəsirdim, gördüm dəmirə dirənir, kolbasanı kəsdim içindən dəmir parçası çıxdı".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Facebook" qruplarının birində şikayətçi yazıb.
Şikəyətçi bildirib ki, sözügedən kolbasa "SAB" markasına məxsus olub.
"Almayın, övladlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir".
Qeyd edək ki, fotoda məhsulun "Bazarstore" marketlər şəbəkəsinin Əhmədlidəki mağazalarının birindən alındığı görünür.
Mina Mikayılova