Azərbaycan iqtisadiyyatında uzunmüddətli proqnoz vermək çətin və məsuliyyətli bir işdir. Əsasən də Azərbaycandakı və Azərbaycan ətrafında olan vəziyyəti nəzərə alsaq, buna çox az adam risk edə bilər. Bu cür çətin vəziyyətdə Azərbaycan Milli Bankın rəhbəri Elman Rüstəmov 2026-cı ilə kimi 1 dolların 1 manat 70 qəpik dəyərində qalacağını deyib. Yəni sabit olaraq beş illik proqnoz verib. Nəzərə alaq ki, əvvəl heç bir devalvasiya olmayacaq deməsinə baxmayaraq, devalvasiya baş vermişdi. Bundan əlavə, o, 2020-ci ildən sonra manatı sərbəst şəkildə buraxacağımızı demişdi, ancaq bu çıxışdan sonra 2026-dan sonraya qalacağı ilə bağlı sual yaranır.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlama verib:

“Təəssüf ki, Mərkəzi Bankın rəhbərinin manatla bağlı açıqlamaları həmişə cəmiyyətdə əks effekt doğurur. Çünki zaman-zaman verdiyi açıqlamaların əksini də görmüşük. İndiki dövrdə manatla bağlı ehtimal olaraq gələcək üçün ən net dediyi söz o idi ki, ən azından bu ilin sonuna qədər manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq. Buna inanmaq olar. Çünki neft, valyuta qiymətləri kifayət qədər yüksəkdir. Ona görə də, bu il ərzində heç bir dəyişiklik olmayacaq. Amma bunu 2026-cı ilə qədər söyləmək çətindir. Çünki dünyada gedən proseslər, neft qiymətləri və valyuta gəlirlərinin hansı yöndə olacağını söyləmək və indidən proqnozlaşdırmaq çox çətindir. Mərkəzi Bank zatən manatın məzənnəsini inzibati qaydada tənzimləyir, yəni bizdə bazar iqtisadiyyatı qaydaları yoxdur. Ona görə də, təbii ki, manatın məzənnəsini bir müddət inzibati qaydada saxlamaq olar. Yeri gəlmişkən, biz 2004-2014-cü illərdə bu səhvi etmişdik. O illərdə manatın məzənnəsini saxlamaq üçün milyardlarla dollar xərclədik. Hətta ən son 2014-215-ci illərdə on bir milyard dollara yaxın vəsait xərcləndi. Ancaq sonradan yenə iki dəfə devalivasiya oldu. Üçüncü devalvasiyanı da yaşadıq, yəni manat 1.55 qəpikdən 1.70 qəpiyə də qalxdı. Yəni belə inzibati yolla uzun zaman eyni sabit məzənnə rejiminin saxlanılmasının ciddi fəsadları var. Ona görə də, 2-3 il Azərbaycan manatının heç bir dəyişikliyə uğramaması mümkündür. Amma bu sabit məzənnə rejimi sonradan çox ciddi fəsadlara yol aça bilər. Yəni sonradan məzənnə dəyişiklikləri daha kəskin hal ala bilər və daha kəskin devalvasiyalar yaşaya bilərik”.
Aytac Aslan
















