• Bakı 20° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Şagird davranış qaydaları: Məktəblilərə nə verəcək, nə alacaq

CƏMİYYƏT

03 Mart 2023 | 14:01

Şagird davranış qaydaları: Məktəblilərə nə verəcək, nə alacaq

Xəbər verdiyimiz kimi, ötən il Elm və Təhsil Nazirliyi tərəfindən “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” hazırlanıb. Həmin qaydalar bu ilin sentyabr ayından tədbiq olunmağa başlayacaq.

Sözsüz, qaydaların məqsədi məktəblərdə nizam-intizamı gücləndirməkdir. Qaydalara əsasən, şagirdlərə mənfi və müsbət davranışlarına görə müxtəlif rəngli kartlar göstəriləcək. Bir sözlə, mükafatlandırma və cəzalandırma sistemi olacaq. Lakin bu qaydalar heç də birmənalı qarşılanmır. Belə ki, valideynlərin əksəriyyəti bu qaydaların uşaqların psixologiyasına mənfi təsir göstərdiyini, azadlıqlarının məhdudlaşdırıldığını və robotlaşdırdığını düşünür.

Elmin Nuri: Nümunəvi davranışa görə veriləcək yaşıl kartlar belə xaosa səbəb ola bilər

Təhsil eksperti Elmin Nuri də Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ötən ilin payızında “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları”nın bir çox müddəaları təhsil ictimaiyyəti, eləcə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Onun sözlərinə görə, sosial şəbəkə, onlayn media resurslarında aparılan müzakirələrdə hazırlanan qaydalarda ifrata varılmanın çoxluğu neqativ hal kimi qəbul edildi.

“Lakin Elm və Təhsil Nazirliyi qaydaların ilkin olaraq ictimai müzakirəyə çıxarılacağını, sonradan isə seçilmiş məktəblərdə pilot layihə olaraq tətbiq ediləcəyini bildirməklə məsələyə qismən də olsa aydınlıq gətirmiş oldu”.

Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev şagird davranış qaydalarının hazırda 300 məktəbdə tətbiq edildiyini vurğulayıb. Onun sözlərinə görə, Təhsil İnstitutu tərəfindən bu müşahidələr aparılacaq və ilin sonu toplanmış məlumatlar əsasında özünü doğruldarsa, son düzəlişlər edilərək 2023-24-cü ildə tətbiq ediləcək.

Ekspert qeyd edib ki, böyük ehtimalla, 2023-24-cü tədris ilindən etibarən, qaydalar nisbətən yumşaldılmış şəkildə bütün məktəblərdə tətbiq ediləcək: “Məsələnin qaranlıq tərəfi isə “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları”nın hələ də rəsmiləşməməsidir. Yəni, ictimai müzakirəyə çıxarılan, hazırda pilot olaraq seçilən məktəblərdə tətbiq olunan qaydaların hansının çıxdaş olunacağı, hansının isə “həyata vəsiqə qazanacağı” hələlik məlum deyil. Məsələn, çox güman ki, davranış pozuntularının dərəcəsinə görə tətbiq olunacaq kart sistemi yenilənmiş qaydalarda öz əksini tapmaya bilər. Xatırlayırsınızsa, ötən ilin payızında ən çox müzakirə olunan məsələ də cəza kartları idi”.

E.Nuri bildirib ki, sənədə əsasən, məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılır: “Davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib: Birincisi yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. 3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s. Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır. Müxtəlif rəngli kartlar da məhz bu səviyyələrə görə veriləcək”.

“4532 məktəbdə bunların tətbiqini təsəvvür belə edə bilirsinizmi?” deyən ekspert hesab edir ki, cəza xarakterli rəngli kartları bir kənara qoyaq, nümunəvi davranışa görə veriləcək yaşıl rəngli kartların özü belə məktəblərdə xaosa səbəb ola bilər. E.Nuri deyib ki, bəlkə də ən çox valideyn etirazı elə müsbət missiyalı yaşıl kartlarla bağlı olacaq. Valideynlər müəllimlərin şəffaflıq və obyektivliyinə birmənalı yanaşmayacaq, müəllimlər də, bəlkə də, əllərində olan bu imtiyazdan doğru-düzgün yararlanmayacaqlar. Odur ki, ən yaxşı hal kartların ümumiyyətlə ləğv olunması və rəsmiləşdirilmiş sənəddə rəğbətləndirmə ilə əvəzlənməsidir.

Ekspert vurğulayıb ki, ümumiyyətlə, sənəddə əksini tapan qaydalarda ciddi yenilənmələrə ehtiyac var: “Yoxsa, təkrar edirəm, qaydaların olduğu kimi saxlanılması məktəblərdə xaosa gətirib çıxara bilər. Bu fikrimizi əsaslandıracaq səbəblər isə çoxdur: müəllim cavabdehlik daşıdığı üçün öz predmetinin tədrisindən çox məktəbdaxili davranış qaydalarının qorunmasına vaxt sərf edəcək. Nəticədə təlim-tərbiyə meyarı tədris amilini üstələyəcək. Sözsüz ki, rəhbərlik də bu qaydaların tələbinə uyğun olaraq, şagirdlərin davranış pozuntularının qarşısını almaq və uyğun tədbirlərin görülməsinə xeyli zaman sərf edəcək. Tədris meyarı öz nüfuzunu daha da zəiflətmiş olacaq. Bu isə onsuz da güclü olan və təhsilimizi məhvə aparan repetitorluq institutuna meyillənməni artıracaq”.

E.Nuri qeyd edib ki, ikinci məsələ, davranış qaydaları intizama səsləsə də şagirdin psixologiyasına birbaşa mənfi təsir edəcək: “Çünki yüngül səviyyəli davranış qaydalarında dəhlizdə qaçmaq, hətta pəncərədən çölə baxmaq da pozuntu hesab edilir. Sizcə, az qala, hər addımı intizam pozuntusu kimi dəyərləndirən şagird dərs mühitinə fokuslana bilərmi? Təbii ki, xeyr! Bu, onun valideyninə də mənfi təsir edəcək. Valideyn psixoloji olaraq yalnız övladının davranış durumuna diqqət etməli və sırf bununla maraqlanmalı olacaq. Bir sözlə, yeni qaydalar məktəbi tədris müəssisəsindən çıxarıb, tərbiyələndirici məkana çevirə bilər. Bu isə təhsilimiz adına böyük xaosa gıtirib çıxarar”.

Elmir Əkbər: Əgər bu qayda-qanunlar varsa, biz niyə sıfırdan təyyarə ixtira etməliyik?

Psixoterapevt, psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, bu, dünyanın bir çox yerində də tədbiq olunan qaydalardır: “Hər halda müəyyən effektivliyi də var ki, bu qaydaları müəyyən edirlər. Çünki psixologiyada cəzəlandırma və mükafatlandırma sistemi insana daha çox təsir edir. Əgər bu qayda-qanunlar varsa, biz niyə sıfırdan təyyarə ixtira etməliyik? Məsələn, inkişaf etmiş ölkələrə baxaq, görək onlar hansı qaydada fəaliyyət göstərirlər. Bu gün Skandinaviya ölkələrinin təhsil sistemi ən nümunəvi sistem hesab olunur. Onlar şagirdləri yuxarı siniflərə qədər ümumiyyətlə qiymətləndirmirlər, nəinki cəza tədbiqi. Çünki onlar fikirləşirlər ki, bu, uşaqlar arasında arzuolunmaz rəqabətə gətirib çıxarır. Fikrimcə, ənənəvi təhsilin böyük bir qüsuru odur ki, uşaqlara 4-5 ildə öyrədilən savadı 6 aya, yarım ilə öyrədə bilərik. Ona görə də, yaxşı olardı ki, 5-ci sinifə qədər uşaqların psixoloji qabiliyyətləri inkişaf etdirilsin”.

Psixoloqa görə, çox yaxşı olardı ki, bu yaş dövrlərində uşaqların şüuraltı istedadları, qabiliyyətləri inkişaf etdirilsin: “Ondan sonra yüksək siniflərdə artıq savada keçmək olar. İbtidai sinifdə isə psixoloji məqamlar, dillər və riyaziyyat öyrədilə bilər. Bu da cəza metodikası ilə deyil, əyləncəli və ya psixoloji xüsusi üsullarla olmalıdır”.

Aytac Aslan


SON XƏBƏRLƏR

21 May 2025