• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Azərbaycanın prinsipiallığı, terrorçunun edamı: Bu qərar münasibətlərdə öz müsbət rolunu oynayacaq

SİYASƏT

21 May 2025 | 15:47

Azərbaycanın prinsipiallığı, terrorçunun edamı: Bu qərar münasibətlərdə öz müsbət rolunu oynayacaq

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası icra edilib.

Bakıvaxtı.az xatırladır ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Belə ki, Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Qərarın icrası ilə bağlı deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, iki il öncə Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı səfirliyin mühafizəçiləri çox böyük qəhrəmanlıq nümayiş etdirdilər və böyük bir faciənin qarşısı alındı:

"Səfirlikdə həm də diplomatik nümayəndəliyimizin işçilərinin ailə üzvləri məskunlaşıb. Əgər terrorçu mühafizəçiləri keçə bilsəydi, böyük faciə ilə üzləşə bilərdik. Terror hücumu zamanı bir mühafizəçimiz şəhid oldu, digər mühafizəçilərimiz isə qəhrəmanlıqla terror hadisəsinin qarşısını aldı”.

Müsahibimiz vurğulayıb ki, əslində bu terror aktının qarşısı İran mühafizə qurumları tərəfindən alınmalı idi. Lakin bu, edilmədi:

“Birmənalı demək olar ki, bu terror hücumunun arxasında İranın xüsusi xidmət orqanları dayanmışdı. Çünki terrorçu vaxtilə həmin xüsusi xidmət orqanlarının əməkdaşı olmuşdu. Terrorçunun hücumunun qarşısının alınması, sonrakı dövrdə izləyici mövqeyində dayanılması və həmin terrorçunun uzun müddət cəzasız qalması bir çox mətləblərdən xəbər verirdi. Ortada bir çox suallar mövcud idi. Əslində biz bu sualların cavabını bilirdik, amma qarşı tərəf cavablandırmırdı. İki ildən artıq müddət idi ki, terrorçu layiqli cəzasını almırdı və proses uzadılırdı".

Deputat qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin prinsipiallığı və bu məsələ ilə bağlı mövqeyini sona qədər ifadə etməsi hesabına nəticə əldə olundu. Əks halda proses uzanacaqdı və qarşı tərəf hər vəchlə prosesi başqa istiqamətə yönəldəcəkdi.

"Qarşı tərəf gah həmin terrorçunun psixi problemlərinin olduğunu, gah da müxtəlif bəhanələr irəli sürürdülər. Halbuki İranda siyasi məsələlərə görə həbs olunanlar çox qısa zamanda edam cəzasına məhkum edilirlər. Lakin bu terrorçu ilə bağlı məsələ uzanırdı” deyən A.Əlizadənini sözlərinə görə,  Azərbaycan prezidenti bu məsələdə siyasi iradə nümayiş etdirməklə, qarşı tərəfi qərarı icra etməyə məcbur etdi.

Arzuxan Əlizadə: Azərbaycan prezidenti bu məsələdə siyasi iradə nümayiş etdirməklə, qarşı tərəfi qərarı icra etməyə məcbur etdi

“Biz bu hadisəni yaddaşımızdan silməməliyik. Çünki bu terrorun arxasında duran qüvvələr tam müəyyən olunmayıb. Baxmayaraq ki, qarşı tərəf bu məsələdə daha səmimi davranmalı idi", - müsahibimiz əlavə edib.

A.Əlizadənin fikrincə, istənilən halda İranın məlum qərarı Azərbaycanla gələcək münasibətlərində öz müsbət rolunu oynaya bilər. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində də bu məsələ gündəmə gəlmişdi. Bir çox məsələlər var ki, biz İran dövləti tərəfindən Azərbaycana yönəlik siyasətdə dəyişiklik edilməsini gözləyirik:

"İran qonşu dövlətdir və bir sıra ortaq dəyərlərə malikik. Həmçinin 40 milyondan artıq azərbaycanlı İranda yaşayır. Soydaşlarımızın bir çox məsələlərdə hüquqlarının lazımi səviyyədə olmaması bizi narahat edir. Ona görə də bu kontekstdə gözləntilərimiz çoxdur. İran prezidentinin bu məsələlərlə bağlı verdiyi sözlər diqqət mərkəzimizdədir".

Gülşən Şərif


SON XƏBƏRLƏR