İsveçdə 15 yaşınadək uşaqlar arasında ağır cinayət əməllərində şübhəli bilinənlərin sayı kəskin şəkildə artıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkə prokurorluğunun məlumatına əsasən, ötən il İsveç məhkəmələri 15 yaşınadək 88 uşaq barəsində işə baxıb. Bu göstərici 2024-cü illə müqayisədə iki dəfədən çoxdur. Belə ki, həmin il ağır cinayətlər üzrə fiqurant olan yetkinlik yaşına çatmayanların sayı 38 nəfər təşkil edib. Ən çox rast gəlinən hallar qətl cəhdləri və qanunsuz silah dövriyyəsi ilə bağlı olub.
Qeyd edək ki, 15 yaşınadək uşaqlar cinayət məsuliyyətinə cəlb olunmasalar da, xüsusilə ağır cinayətlər zamanı məhkəmələr onların əməldə iştirakını “təqsirin sübutu üzrə işlər” çərçivəsində araşdırır.
Ekspertlərin fikrincə, cinayətkar qruplaşmalar uşaqları və yeniyetmələri getdikcə daha çox icraçı qismində istifadə edir və onları birbaşa ağır cinayətlərə cəlb edirlər.
Kriminoloqlar bildirirlər ki, sifarişçilərin davranışında mənəvi dönüş baş verib. “On il əvvəl cinayət şəbəkələrində müəyyən şərəf anlayışı mövcud idi. Bu gün isə o, tamamilə silinib və mühit xeyli sərtləşib”, – deyə mütəxəssislər vurğulayırlar.
Bu tendensiya fonunda İsveçdə hüquqi siyasət sərtləşdirilir. Polisə 15 yaşınadək uşaqlara münasibətdə gizli müşahidə və dinləmə tədbirləri tətbiq etmək səlahiyyəti verilib. Hökumət, eyni zamanda, cinayət məsuliyyəti yaşının 13-ə endirilməsi imkanını müzakirə edir. Lakin bu planlar prokurorlar, hakimlər və tədqiqatçılar tərəfindən ciddi tənqid olunur. Onlar xəbərdarlıq edirlər ki, bu cür tədbirlər cinayətkarlığın qarşısını almaq əvəzinə, onun daha da “cavanlaşmasına” səbəb ola bilər.
Bakı 




