Bu gün ölkə mediası ilə bağlı səslənən tənqidi fikirlərdən biri də bu sahədə lazımi həmrəyliyin olmaması ilə bağlıdır. İddialara görə, Azərbaycan jurnalistikasında pərakəndəlik hökm sürür.
Bəs, bu gün ölkə mediasında həmrəylik niyə yoxdur? Mediadakı əksikliklər nələrdir və həmrəyliyi bərpa etmək üçün nə etmək lazımdır?
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az saytı ilə bölüşüb. O, bildirib ki, indi jurnalist adına iddia edənlər həddindən çoxdur və xaotik vəziyyət yaranıb: “Məhz Azərbaycan Prezidentinin Sərəncamı ilə Media İnkişaf Agentliyinin yaradılması bu vəziyyətin tənzimlənməsinə yönəlib. Burda da media reysterinin yaradılması nəzərdə tutulub. Həqiqətən jurnalistika ilə məşğul olanlar bu reysterə daxil olunacaq ki, jurnalist adının, jurnalist fəaliyyətinin əhatə dairəsi bilinsin”.
Rəşad Məcid qeyd edib ki, informasiya texnologiyalarının inkişafı sosial şəbəkə istifadəçiləri və bloggerlərin özünü jurnalist adlandırmasına gətirib çıxardı : “Belə olan halda jurnalist həmrəyliyindən danışmaq yerinə düşmür. Çünki hazırda “jurnalist həmrəyliyi” sözündəki hər iki ifadə mücərrəddir. Hazırda həm jurnalist, həm də həmrəylik anlayışı ikisi bir yerdə bu gün mümkünsüzdür. Düşünürəm ki, Media Agentliyinin üzərində çox ciddi çalışdığı qanunun qəbulundan sonra müəyyən bir aydınlıq yaranacaq, medianın subyektləri kimlərdir onlar aydınlaşacaq. Qeyd etdiyim kimi əvvəlki jurnalist həmrəyliyinin bərpası haqqında danışmaq hələ tezdir, çünki mediaya kənardan çoxlu müdaxilələr var, jurnalistikaya aid olmayan çox insanlar jurnalist adına iddialıdır. “Reket jurnalistlər”in artdığı dönəmdə də mən həmişə deyirdim ki, əlifba öyrənən adamlar “mən jurnalistəm” deyir. Amma indi əlifba bilməyənlər də gündə bir sayt yaradıb jurnalist adına yiyələnirlər. Mən belə düşünürəm ki, sayt rəhbərlərinin səviyyəsini yoxlamaq üçün onlara imla yazdırmaq lazımdır, görək bunu bacarırlarmı ki, bu qədər iddialı danışırlar”.
“Bu xaotik vəziyyətin tənzimlənməsi üçün dövlət tərəfindən Media Agentliyinə işlər həvalə olunub. Belə düşünürəm ki, indiki dövr üçün müsbət nəticələr əldə olunacaq” – deyə, Rəşad Məcid bildirib.
Nuranə Daxilqızı
















