• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Selofan torbaların pulla satılması nəyi dəyişəcək? - Ekspert alternativ yol göstərir

CƏMİYYƏT

15 Fevral 2023 | 12:07 | Müəllif: Qalib İbrahimoğlu

Selofan torbaların pulla satılması nəyi dəyişəcək? - Ekspert alternativ yol göstərir

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Artıq marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.

Məlumdur ki, belə məhsullar təbiətə düşdükdə uzun müddət parçalanmadan qala bilir və təbiəti çirkləndirməklə bərabər, canlı aləmə də çox mənfi təsir göstərir. Ekspertlər hesab edirlər ki, politilen torbaların pulla satılması məhz həmin torbaların zibil kimi atılmasını azaldacaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısı alınacaq.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, polietilen torbaların pulla satılması məsələsini rəhbərlik etdiyi qurum hələ 10 il əvvəl irəli sürüb: “Bu, selofan torbalardan istifadəni azaldan yollardan biridir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də bəzi qurumların bununla bağlı atdığı addımlarda səhvlik var. Belə ki, onlar qalınlığı 15 mikrondan kiçik olan torbaları deyir. Belə çıxır ki, qalan selofan torpalar ətraf mühiti çirkləndirmir? Çox səhv bir fikirdir. Ekologiya Nazirliyinin əməkdaşları ilə bu barədə söhbətlərimdə onlar deyirlər ki, nazik selofan torbanı külək uzağa aparır, ona görə, necə deyərlər, onunla vuruşurlar. Amma nə fərqi var:  külək nazik torbanı uzağa aparıb oranı çirkləndirir, qalın torbalar isə yaxını. Hamısı Azərbaycanın ətraf mühitidir. Üstəlik, gərək bu qərarda üstü yazılı selofan torbaların hamısı qadağa olunaydı”.

E.Hüseynov hesab edir ki, ümumiyyətlə, üstü yazılı torbalar yazı rəngləri ilə evlərə ağır metallar ötürür: “Əksər hallarda onların rəngi çıxır və ağır metallar əllərə, uşaqlara toxunur. Bu selofanlar insanların tədrici zəhərlənməsinə rəvac verir”.

AİB sədrinə görə, bütün hallarda, bu, çox əhəmiyyətli bir qərardır. Onun dediyinə görə, selofan torbalar mütləq pullu olmalı, kassa çekində yazılmalıdır.

“AİB olaraq alternativ təkliflər də vermişik. Layihə çərçivəsindı 5 yüzə qədər bazar torbası hazırlayıb əhaliyə pulsuz payladıq. Əhali bunu çox məmnuniyyətlə qarşıladı” deyən müsahibimiz qeyd edib ki, buna alternativ olaraq toxunma həsir zənbillər də ola bilər.

Ekspertə görə, əhalinin birdəfəlik bazar torbalarına keçməsi vacibdir: “Mən özüm illərdir ki, onlardan istifadə edirəm. Toxunma həsir zənbillər ekoloji mühitə mənfi təsir etməyən, çox əhəmiyyətlidir. Bir sözlə, selofan torbaların pullu satılması çox vacib məsələdir. Bəlkə, əhalini nisbətən selofan torbalardan uzaqlaşdırmağa gətirib çıxara bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR