“Azərbaycan Demokrat Partiyasının növbədənkənar sekilərdə öz namizə ilə iştirak edib-etməyəcəyi ilə bağlı məsələnin İdarə Heyətinin bu gün keçiriləcək növbəti iclasında ilkin müzakirəsi gözlənilir”.
Bunu Bakıvaxtı.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov deyib.
Onun sözlərinə görə, qərarın necə olmasını proqnozlaşdırmaq hələlik o qədər də asan deyil: “Çünki bir çox obyektiv səbəblərdən elan olunmuş seçkidə iştirakın əleyhinə olan partiyadaşların sayı çoxdur”.
H.Rüstəmov qeyd edib ki, əgər müzakirələr seçkidə iştirakın lehinə olan qərarla yekunlaşarsa, onda iştirakın forması və digər detallar da aydınlaşdırılacaq.
Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edilib.
İclasda təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlər və tədbirlər Təqvim planında əskini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır.
Aydın Baxış
















