Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Təşkilatın yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə 17 dövlətin lideri iştirak edəcək.
Məlumata görə, sammitə Çin və Rusiya prezidentləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan da qatılacaq. Tədbirdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərlərindən başqa BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT rəsmiləri də təmsil olunacaqlar.
Politoloq Natiq Miri sammit barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin yerləşdiyi coğrafiyaya, onların əhalisinə, iqtisadi imkanlarına, ÜDM-yə baxsaq, bu, avro-atlantik məkandan, yəni NATO üzvü ölkələrdən daha böyükdür.

Ancaq ekspertə görə, avro-atlantik məkandan fərqli olaraq ŞƏT vahid siyasi-iqtisadi və hərbi məkan deyil:
“Ona görə də ŞƏT- i bir hərbi və ya iqtisadi blok kimi dəyərləndirmək mümkün deyil. Bu elə bir platformadır ki, böyük coğrafiyanı öz ağuşuna alan dövlətlərin qlobal və regional səviyyədə bütün problemləri əsasən, müzakirə etmək üçün toplanır. Əlbəttə ki, bu müzakirələr fonunda qlobal səviyyədə baş verən münaqişələr önə çıxır. Çünki məhz bu münaqişələr qlobal iqtisadiyyatda ciddi böhranın yaranmasına səbəb olub, qiymət artımına səbəb olub, neft, yanacaq qıtlığı yaranıb. Bu səbəbdən, böyük coğrafiyanı əhatə edən bir təşkilatın mühüm məsələləri müzakirə etməsi, sadəcə geosiyasi və geoiqtisadi maraqlar çərçivəsində deyil, bütün dünyanın xeyrinə ola biləcək qərarlar qəbul etməsi vacibdir. ŞƏT bunu edəcəkmi, edə biləcəkmi, bu məsələ suallar doğurur. Çünki ŞƏT-ə üzv dövlətlər ayrı-ayrılıqda özünü qlobal güc kimi görür, çoxbaşlı bir əjdaha kimi hərəkət edirlər. Bütün bu maraqların üzərində bəşəri maraqlar olmazsa, nəticə olmayacaq”.
Siyasi şərhçi vurğulayıb ki, bu platforma həm də regionlar arasındakı münasibətlərdə problemləri həll etmək və mövcud əməkdaşlığı daha da irəliyə daşımaq üçün bir fürsət olaraq dəyərləndirilir:
“O baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif dövlət başçıları ilə görüşləri gözlənilir. O cümlədən, Çin və Rusiya rəhbərlərinin müxtəlif liderlərlə təmasları gözləniləndir. Çünki ortada ciddi problemlər və onların həllini zəruri edən məqamlar var. O baxımdan, bu sammit bir fürsət olaraq dəyərləndirilməlidir. Qlobal məsuliyyəti öz üzərində hiss edən dövlət başçıları dünyanın xeyrinə olacaq ortaq addımlar ata, müharibələrin bitməsi yönündə fikir irəli sürə bilərlər”.
Aydın Baxış




