Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarır.
Bakıvaxtı.az xəbər verir ki, bu mənzillərin qiymətləri 33-92 min manat arasında dəyişir.
Mənzillər Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşir.
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Xatırladaq ki, daha öncə MİDA-nın 30.03.2022-ci il tarixində keçirilən mənzil seçiminin nəticələri ləğv edilmişdi. Buna 442 mənzilin 4-5 saniyə ərzində satılması səbəb olmuşdu. Araşdırmalardan sonra kompüter proqram təminatlarından istifadə edərək mənzillərin seçimi prosesinə müdaxilə edən altı şəxs saxlanılmışdı. Faktla bağlı cinayət işi açılmışdı.
MİDA-nın məlumatına görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb.
Ramid İbrahimov


















