• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Söz azadlığı dünyada ən əvəzolunmaz nemətlərdəndir

MEDİA

28 Yanvar 2022 | 10:22 | Müəllif: Qalib İbrahimoğlu

Söz azadlığı dünyada ən əvəzolunmaz nemətlərdəndir

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Hər bir cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Çünki dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir.

Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə, cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir. Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki, daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.

Söz azadlığı dünyada bəlkə də, ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir.

Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.

Qulu Məhərrəmli: “Söz və məlumat azadlığı, fikir plüralizmi demokratiyanın əsasıdır”

Qulu Məhərrəmli

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, söz və məlumat azadlığı, fikir plüralizmi demokratiyanın əsasıdır: “Bunlar olmasa, demokratik cəmiyyətin qurulması mümkünsüzdür. Çünki söz azadlığı, cəmiyyətin fərqli fikirlərinin mövcudluğu insanlara bəlli bir dünyagörüşü verir, nöqsanların aradan qaldırılmasına imkan verir. Azərbaycanın da müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri söz, mətbuat azadlığıdır və fərqli düşüncələri əks etdirən media qurumlarının olmasıdır. Təbii ki, indi bu sahədə bir sıra problemlər var. Çünki deyilən dəyərlər insan xisləti, cəmiyyətin nə dərəcədə açıq olub bu dəyərləri stimullaşdırması ilə bağlıdır”.

Azərbaycanda 1990-cı ilin əvvəllərindən bu yana müəyyən işlər görüldüyünü deyən Qulu Məhərəmmlinin sözlərinə görə, ama əlbəttə ki, problemlər də mövcuddur. Müsdahibimiz hesab edir ki, problem həm də cəmiyyətin bu dəyərlərə nə dərəcədə sadiq olması ilə bağlıdır: “Doğrudanmı bu cəmiyyət söz və mətbuat azadlığını bir dəyər kimi qəbul edir? Doğrudanmı insanlar bundan faydalanmağa və öz həyatları üçün gərəkli qərar qəbul etməyə hazırdı? Doğrudanmı pluralizm vacib demokratik dəyər kimi qiymətləndirilir?”

 Qulu Məhərrəmli bildirib ki, formal olaraq bunların təminatı üçün hər şey var: “Məsələn, ölkədə, azad düşüncə mövcuddur, 2005-ci ildən bu yana ictimai yayım - İctimai TV, Qeyri-hokumət təşkilatları fəaliyyət göstərir, müxtəlif, qəzetlər, saytlar var. Mən belə hesab edirəm ki, bu istiqamətdəki əsas problem, insanların bu dəyərlərə sadiq qalmaması, lazım olan əhəmiyyəti verməməsidir”.

Onun sözlərinə görə, ikincisi isə, insanların içindəki daxili azadlığın olmamasıdır: “Üçüncüsü, əlbəttə ki, daxili senzuranın mövcudluğudur. İnsanlar bəlli bir nöqtədən sonra cəmiyyətlə, hakimiyyətlə, idarəçilərlə ziddiyyət nöqtəsinə gəlib çıxanda geri çəkilməyə məcbur olur. Bu da insan psixologiyasının ən zəif nöqtəsidir. Bunlar əlbəttə ki, demokratiyanı, plüralizmi inkişaf etdirməyə imkan vermir”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Söz azadlığı dünyada ən əvəzolunmaz nemətlərdəndir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026