Xəbər verdiyimiz kimi, media haqqında qanunvericilik qüvvəyə minib.
Media sahəsini tənzimləyən “Media haqqında" qanun Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin keçən il yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmana uyğun olaraq, “Media haqqında" yeni qanun layihəsi hazırlandı. Qanun layihəsi Medianın İnkişafı Agentliyinin rəhbərliyinin və müxtəlif mətbuat orqanlarının - qəzet və veb saytların baş redaktorlarının iştirakı ilə müzakirə edilib.
Keçən ilin dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib, bu ilin fevralın 8-də Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Vüqar İskəndərov: "Media sahəsində yeni qanunun qəbul edilməsi zərurətdən yaranıb"

Milli Məclisin deputatı Vüqar İskəndərov Bakıvaxtı.az-a bildirib ki, media sahəsində yeni qanunun qəbul edilməsi zərurətdən yaranıb.
“Milli Məclis tərəfindən qəbul olunan və Prezident tərəfindən təsdiqlənən “Media haqqında” qanun 9 fəsildən, 78 maddədən ibarətdir. Bu qanunu zəruri edən bir çox səbəblər var. Bunlardan ən əsası zamana uyğunlaşmasıdır. “Kütləvi informasiya vasitələri” haqqında qanun 1999-cu ildə qəbul edilmişdi. Zamanla hər şey sürətlə dəyişir. Ona görə də media da yeni inkişaf səviyyəsinə, tərəqqiyə, təkmilləşməyə getməli idi. Bunun üçün də bu qanunun qəbul olunması mütərəqqi bir məsələdir və bir çox yenilikləri özündə ehtiva edir”, - deyə V.İskəndərov qeyd edib.
Deputat qeyd edib ki, cəmiyyətimizin mətbuatdan gözləntisi çoxdur: “Artıq hamı düşünür ki, informasiya təhlükəsizliyi qorunmalıdır, dövlətimizin, xalqın maraqları daim öndə olmalıdır, jurnalistlərimiz peşə etikasına riayət etməlidir, media, jurnalistlərimiz obyektivlik, qərəzsizlik kimi əsas prinsipləri daim fəaliyyətində rəhbər tutmalıdır. Milli vətənpərvərlik məsələləri, düzgün, dolğun informasiyanın sürətlə çatdırılması hazırda mətbuatımızdan gözləntilərdir və yeni "Media haqqında" qanun bütün bu məsələlərə cavab verir.
Sözün əsl mənasında ölkəmizdə yüksək səviyyəli jurnalist ordusu var. Onlar həm də cəmiyyətimizin aydınlarıdır, onlar cəmiyyəti irəli aparan böyük bir ordudur və yeni qanunla bu məsələlər hər biri mərhələli şəkildə öz həllini tapacaq.
Digər məsələ cənab Prezidentin fərmanı ilə jurnalistlərə ipoteka kreditinin verilməsidir. Bu çox yaxşı haldır. Bilirik ki, jurnalistlərə binaların tikilməsi və kütləvi şəkildə onların növbəyə dayanması, gözləməsi, bir növ asılı qalması məsələləri öz həllini tapmış olur. Jurnalistlərimiz sosial ipotekadan yararlana biləcəklər. Bu da onların mənzil, məişət şəraitlərinin yaxşılaşdırılmasına öz töhfəsini vermiş olacaq. Ümumiyyətlə “Media haqqında” qanun çox mütərəqqidir və insanlarımızın maarifləndirilməsi, məlumatların sürətlə ötürülməsi və bütün sahələrdə medianın inkişafına öz töhfəsini vermiş olacaqdır”.
Ramil Həsən: "Bu qanun mahiyyət etibarilə çox irəliyə doğru atılmış uğurlu bir addımdır"

Milli Məclisin deputatı Ramil Həsən Bakıvaxtı.az-a bildirib ki, media haqqında qanunvericilik müxtəlif səviyyələrdə müzakirə olunub.
“Media haqqında” qanun layihəsi Milli Məclisdə 3 oxunuşdan keçdikdən sonra qəbul edilib, Azərbaycan respublikası prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilib. Xatırladım ki, oxunuşlar çərçivəsində geniş ictimai müzakirələrin açıla bilməsi üçün Milli Məclis tərəfindən də lazımi şərait yaradılıb. Media sektorunda aktiv və geniş fəaliyyət göstərən media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, bloggerlərin və bu istiqamətdə az və ya çox bağlılığı olan şəxslərin geniş müzakirəsinə verilib, daha sonra da Milli Məclisdə qəbul olunub”, - deyə R.Həsən bildirib.
Deputat qeyd edib ki, bu qanun mahiyyət etibarilə çox irəliyə doğru atılmış uğurlu bir addım kimi qəbul edilməlidir: “Çünki media subyektlərinin səlahiyyət və öhdəlikləri konkret istiqamətdə göstərilib, eyni zamanda jurnalistlərin sosial müdafiəsi üçün müəyyən güzəştlər tətbiq edilib. Belə ki, jurnalistlər aşağı faizli kredit alaraq müstəqil şəkildə ev sahibi ola bilərlər. Eyni zamanda bu qanunda Türkiyədə və dünyanın bir çox ölkələrində olduğu kimi media nümayəndələrinə xüsusi vəsiqələrin təqdim olunması nəzərdə tutulub. Burada jurnalistlərin təqdim etmiş olduqları məlumatların səhihliyi, dəqiqliyi, obyektivliyi demokratiya, söz, fikir azadlığına və media azadlığına zərər vermədən qanun çərçivəsində doğru, dürüst şəkildə ifadə edilə bilməsi ilə üçün lazımi şərait yaradılıb.
"Media haqqında" qanun demokratiyanın aliliyinin, şübhəsiz ki, qanunun da aliliyinin bir təcəssümü və bir nəticəsidir. Əminəm ki, "Media haqqında" qanun mediada bilavasitə aktiv iştirak edən dəyərli qələm sahiblərimizin, söz sahiblərimizin hüquq və azadlıqlarını, eyni zamanda o yazılarda subyekt olan şəxslərin də özlərinin qanun çərçivəsində hüquqlarını tənzimləyən və qarşılıqlı etimada, hörmətə dayanan bir media sektorunun daha da inkişaf etməsi ilə bağlı mükəmməl bir fürsət vermişdir. Əminəm ki, bundan sağlam Azərbaycan mediası və cəmiyyəti yalnız fayda götürəcəkdir. Bu istiqamətdə hər bir dəyərli jurnalistə, öz əziyyətinin bəhrəsi ilə, öz alın təri ilə çalışan, zəhmət çəkən, öz halal vəsaitini qazanan hər bir jurnalistimizə, media orqanlarına uğurlar arzu edirəm və əməkdaşlığımızın daimi olmasını diləyirəm”.
Ramid İbrahimov





jpg-1646647406.webp)










