İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.
Azərbaycan bu gün BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan, pandemiya zamanı COVID-19-la mübarizə aparmaqda çətinlik çəkən dövlətlərə də tibbi və maliyyə yardım göndərib.
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət və ehtiramla yanaşır. Bu mənada, dünyada, xüsusilə də regionda baş verən müharibələr, silahlı qarşıdurmalar zamanı ölkəmiz hər zaman sülhün təmin edilməsinin tərəfdarı olur. Bununla yanaşı, Azərbaycanın xarici siyasət kursunda yer alan ən mühüm istiqamətlərdən biri də heç bir dövlətin daxili məsələlərinə qarışmamaq, müdaxilə etməməkdir.
Milli Məclisin deputatı Tahir Rzayev Bakıvaxtı.az-a bildirib ki, ölkəmiz regionda və dünyada sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar mühüm təşəbbüslərlə çıxış edir.
“Dünyada ikili standartların mövcud olduğu, iri dövlətlərin maraqlarının toqquşduğu, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadığı bir vaxtda müstəqil siyasət yeritmək, mili təhlükəsizliyi qorumaq çox çətindir.
Ancaq Azərbaycan suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən müstəqil siyasətini bəyan edib. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir”, - deyə deputat bildirib.
T.Rzayev qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri 30 il işğal altında qaldı: “Biz işğal dövründə beynəlxalq təşkilatlara ümid bağladıq, onlardan kömək istədik. BMT-nin Qarabağla bağlı 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qərar və bəyanatlarının olmasına baxmayaraq, düşmən və onun havdarları heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadılar, hətta dünyanın gözü qarşısında təcavüzkar siyasətini yeritməyə davam etdilər. Bu, Azərbaycan üçün bir təcrübə, nümunə idi. İkili standartlar bizim üçün bir dərs oldu.
44 günlük Vətən müharibəsi vaxtında bəzi beynəlxalq təşkilatlar düşmənin işğalçılıq siyasətinə reaksiya vermədilər. Bizi müdafiə etmədilər. Hətta dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT belə susdu. Müharibənin gedişi dövründə Azərbaycana qarşı müəyyən təhdidlər və təsirlər oldu.
Xalq-dövlət birliyi, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Vətən müharibəsində tarixi Zəfər qazanılmasında böyük rol oynadı. Bu gün Azərbaycan dövləti öz uğurları ilə öyünməklə bərabər yenə də sülhsevər siyasətini yeritməkdədir. 2020-ci ilin noyabrında sonra Azərbaycanın Vətən müharibəsindəki qələbəsi siyasi-diplomatik cəbhədə daha da möhkəmlənib. Respublikamızın regionda yaratdığı yeni reallıq beynəlxalq miqyasda birmənalı şəkildə qəbul edilib”.
Deputatın sözlərinə görə, biz fəxr edə bilərik ki, BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etmişik və Azərbaycan bu gün BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənib və Azərbaycan öz sözünü ən möhtəbər tribunlardan deyə bilir.
Bu gün dünya təlatümlər içərsindədir. Rusiya-Ukrayna münaqişəsi, dünya güclərinin qarşıdurması davam edir. Azərbaycan Prezidenti bütün məsələlərə səbrlə, təmkinlə yanaşır. Beynəlxalq hüququn normalarına istinad edir, ölkələrin dövlət sərhədlərinin təhlükəsizliyinə hörmətlə yanaşır, hər dövlətin müstəqilliyinin tərəfdarı rolunda çıxış edir.
Azərbaycan xalqı müharibələrdən çox əziyyət çəkib. Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmət və ehtiramla yanaşırıq. Çünki bu vacibdir. Ölkənin inkişafı və tərəqqisi üçün bu mövqeyi qoruyub saxlamaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin yürütdüyü siyasəti xalqımız dəstəkləyir. Biz müharibələrə, qırğınlara yox deyirik. Dövlətləri bir-birilə əməkdaşlıq və dostluq münasibətləri qurmağa, dünyada azad və xoşbəxt yaşamağa dəvət edirik. Əlbəttə insanların hüquqlarını qorumaq, dövlətlərin ərazi bütövlüyünə hörmət etmək, insan talelərinə acımaq təbii duyğudur. Biz müharibələrdə məhv edilən insanların talelərinə acıyırıq. Dağılan şəhərlərin talelərinə ürək ağrısı keçiririk. İstəmirik ki dünyada müharibə və qarşıdurma olsun.
Milli Məclisin deputatı Vüqar İskəndərov Bakıvaxtı.az-a bildirib ki, Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirən Azərbaycan daim ardıcıl və sistemli addımlar atır.
“Son zamanlar dünyada baş verən siyasi kataklizmlər artıq dünya düzənini dəyişməyə başlayıb. Artıq həm geosiyasi, həm dünya səviyyəsində yeni reallıqlar yaranır və dünyanın güc mərkəzlərinin səmtləri dəyişməyə başlayır. Çoxvektorlu siyasətlər və ən əsas da bu dəyişilmələr fonunda dövlətlərin özünüqoruma instinkti hal-hazırda özünü bariz göstərməkdədir. Güc mərkəzləri böyük dövlətlərin daha çox siyasəti və təsiri altındadır. Ona görə də artıq bu sahədə yaranmış qarşıdurmalar daha çox böyük ölkələrin siyasəti sayəsində yaranmış münaqişələr, sərhədlərin dəyişilməsinə cəhdlər, hər biri ölkələrin özünü müdafiə etməsinə, özünü qorumasına bu sahədə, ümumiyyətlə müdafiə instinktinin daha çox inkişaf etməsini göstərir”, -deyə V.İskəndov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan baş verən bu siyasi gəlişmələrdə konkret özünün xarici siyasətində sayılıb-seçilən dövlətlər sırasındadır: “Cənab İlham Əliyevin uğurlu idarəetməsi, istər daxili, istər xarici siyasət sahəsindəki ugurlu idarəetməsi ölkəmizi bir çox görünən və gözlə görünməyən bəlalardan qurtarmış olur. 44 günlük Vətən müharibəsinə qədərki proseslər göstərdi ki, beynəlxalq hüquq, onun prinsipləri yalnız kağız üzərində qalırdı və uzun illər Azərbaycan beynəlxalq hüququn işləməsi üçün bir çox çabalar verdi. Bütün beynəlxalq platformalarda, tədbirlərdə böyük təşkilatlar, BMT, Avropa İttifaqı, ATƏT, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyü dəstəkləsə də, heç bir iş görmürdü. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz şərəfli missiyanı özü həyata keçirdi, beynəlxalq hüququ və ədaləti özü bərpa etdi”.
V.İskəndərov deyib ki, sözdə beynəlxalq qanun deyənlər əməldə gücün tərəfində olduğunu göstərdilər: “Rusiya-Ukrayna müharibəsi Azərbaycan prezidentinin müdrikcəsinə siyasət yeritdiyini dünyaya nümayiş etdirmiş oldu. Bu gün Azərbaycan Prezidenti təkcə ölkəmizlə bağlı deyil, dünya miqyasında tanınmış siyasi liderlərdən birinə çevrilib.
Bu gün Azərbaycan uğurla Qoşulmama Hərəkatına rəhbərlik edir. Bu təşkilat BMT-dən sonra dünyada ikinci böyük platformasıdır. Cənab Prezidentin sədirliyi dövründə Qoşulmama Hərəkatı daha nüfuzlu beynəlxalq platformaya çevrilib. Artıq 120 ölkənin xahişi ilə cənab İlham Əliyevin sədirliyi 1 il də artırılmış oldu. Bu, bir daha ölkə başçısının dünyanın ikinci böyük təşkilatına uğurla sədirlik etməsinin baris nümuməsidir. Bu gün Azərbaycan Cənubi Qafqazda şəriksiz liderdir. Bir çox sahələrdə Azərbaycan diqtə edən tərəfə çevrilib. Xarici siyasətdəki münasibətlərin formalaşmasında əsas ana xətt ölkəmizin milli maraqlarının öndə olmasıdır. Hər hansı bir siyasi məsələlərdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, bəşəri dəyərlərə hörmət etmək, ədalətli siyasət yürütmək və bütün bu siyasətin saydığımız məsələlərin fonunda xarici siyasətimizin ana xətti ölkəmizin milli maraqlarının daha çox diqtə olunmasıdır. Dünyada baş verən prosesləri analiz edən analitik kimi böyük siyasi xadimin uğurlu mövqeyini görürük. Bizim uğurlu mövqeyimiz bizə olan hörməti hər gün artırır və bu gün Azərbaycan dünyada vacib ölkəyə çevirib.
Rusiya, ABŞ və NATO nümayəndələrinin Bakıda dəfələrlə görüşü təşkil edilib. Problemli məqamlarda, Rusiya-Türkiyə, İsrail-Türkiyə arasında olan anlaşılmazlıqların aradan qaldırılması istiqamətində Azərbaycan Prezidentinin şəxsi nüfuzu çox böyük rol oynayır. Bu dəfələrlə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində bildirilib. Bu gün Azərbaycanla hesablaşılır və bu bizim gücümüzü göstərir”.
Ramid İbrahimov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb