Böyük Britaniyanın Baş naziri Kir Starmer 2025-ci ildə Avropa İttifaqı (Aİ) ilə müdafiə sahəsində əməkdaşlıq məsələləri ilə bağlı danışıqlar aparacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS "Financial Times"a istinadən xəbər verir.
Bu, Böyük Britaniyanın 2020-ci ildə Aİ-dən çıxmasından sonra ölkənin Baş naziri və Aİ-nin 27 üzv ölkəsinin iştirakı ilə keçiriləcək ilk belə görüş olacaq.
Nəşrin məlumatına görə, dekabrın 12-də Avropa Şurasının sədri Antoniu Koşta Starmerlə görüşəcək və ona 2025-ci il fevralın 3-də Belçikada keçiriləcək görüşə rəsmi dəvət məktubunu təqdim edəcək. Adı açıqlanmayan Britaniya rəsmilərinin sözlərinə görə, Baş nazir dəvəti qəbul edəcək. Tədbirdə onun Aİ ilə təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq sazişi imzalayacağı gözlənilir.
Bundan başqa, Koşta və Starmer 2025-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılan Aİ-Böyük Britaniya sammitinin tarixlərini müzakirə etmək niyyətindədirlər. Bu tədbir Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra münasibətlərin yenilənməsi səyləri çərçivəsində keçiriləcək. Xüsusilə tərəflər arasında ticarət maneələrinin azaldılması müzakirə olunacaq.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi 2021-ci il yanvarın 1-də tam yekunlaşıb, Brexit prosesi isə 2020-ci ildə başlayıb.