“44 günlük müharibədən sonra Qarabağda qalan silahlı quldurlar 10 noyabr anlaşmasının 4-cü bəndinə görə, əslində tərksilah olunmalı idilər”.
Bunu Bakıvaxtı.az-a hərbi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, ermənilər 10 noyabr bəyannaməsinin tələblərini yerinə yetirmirlər: “Burada tərksilah olunma tələbi ilə yanaşı, Zəngəzur dəhlizinin açılması və digər məsələlər də var və bu tələblər gözardı edilir. Bu tələblərin yerinə yetirilməsinin məsuliyyətini üzərinə götürən, eyni zamanda, bu tələblərə əməl olunmamasına çalışan tərəf də elə Rusiyadır. Rusiya separatçılara birbaşa dəstək verir. Hazırda orada qruplaşmalar arasında çəkişmə gedir ki, bu da Moskvanın maraqlarına uyğundur”.
Ekspertə görə, sülhməramlıların adekvat olmayan hərəkəti və digər amillər onu göstərir ki, Rusiya Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır, separatçıları qızışdırır və çox güman, silahla da təmin edir: “Rusiyanın bölgəni tərk etməsinə 2 il qalıb. Amma bölgədən çıxmaq Rusiyanın maraqlarına cavab vermir. Ona görə də bu iki il müddətinə vəziyyətin ağırlaşması ssenarisini həyata keçirmək istəyir. Tərəflər arasında toqquşmaların baş verməsinə çalışır”.
Müsahibimiz qeyd edib ki, Rusiya digər tərəfdən də Qərbin bu istiqamətdə fəaliyyətindən əndişələnir: “Ona görə də yaxın zamanlarda təxribatların şahidi ola bilərik”.
Cavad
















