“İki il əvvəl Sumqayıtda da avtobusların kartla ödəmə sisteminə keçəcəyi barədə xəbər yayıldı. Hətta ödəniş kartları satıldı. Əhali bir müddət bu kartlardan istifa etsə də, çox çəkmədən avtobuslarda ödəniş “dədə-baba qaydası”na keçdi”.
Bunu Bakıvaxtı.az-a Sumqayıt şəhər sakini İsmayıl Abbasov deyib. Onun sözlərinə görə, Sumqayıtda avtobuslarla bağlı problem bununla da bitmir. Nəqliyyat vasitələrinin köhnə olması, kondisionerin işləməməsi də sərnişinləri narahat edir.
Bu problemlər nə vaxt həllini tapacaq?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-a deyib ki, Sumqayıt şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət ötən il AYNA-ya keçib. Onun sözlərinə görə, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb: “Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Nağdsiz ödəniş sisteminə keçirdlə bağlı Sumqayıtda layihə hazırlanır”.
Sumqayıtda avtobusların müasir havalandırma, sərinləndirmə və isitmə sistemləri ilə təchiz olunmasına gəlincə, müsahibimiz bununla bağlı texniki tələblər hazırlandığını və Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra tətbiq ediləcəyini bildirib.
T.Orucov qeyd edib ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olması və müasir standartlara cavab verməsidir.
Aytac Aslan






jpg-1698902249.webp)









