2021-ci ildən bəri Türkiyədəki Suriyalıların sayı azalmağa davam edir. Xüsusilə 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu prosesin daha da sürətlənəcəyi proqnozlaşdırılırdı. Bu kontekstdə Suriyalıların geri dönüşü, onların Türkiyədəki sayı və yerləşmə bölgələri ilə bağlı son rəsmi məlumatlar açıqlanıb.
Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu həftə CNN Türk kanalına verdiyi açıqlamada bildirib ki, 8 dekabr 2024-cü ildə Suriyada Əsəd rejiminin devrilməsindən bəri 250 min 64 nəfər Suriyalı ölkəsinə qayıdıb. Nazirin sözlərinə görə, hazırda təxminən 26-27 min nəfər Suriyalı da ölkəsinə dönüş üçün hazırlıq mərhələsindədir.
Bütün geri dönənlərin sayına gəldikdə isə, 2016-cı ildən bu yana 1 milyon 126 min Suriyalının könüllü şəkildə ölkəsinə geri döndüyü açıqlanıb. Hökumət bu prosesləri "könüllü, təhlükəsiz və ləyaqətli dönüş" prinsipləri əsasında həyata keçirdiyini bildirir.
Lakin bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Suriyalıların bəzən məcbur şəkildə geri göndərildiyini və bunun insan hüquqları baxımından narahatlıq doğurduğunu vurğulayıb.
Türkiyədə neçə Suriyalı yaşayır?
Göç İdaresi tərəfindən yayımlanan son məlumatlara görə, 2025-ci il 22 may tarixinə olan statistikaya əsasən, Türkiyədə 2 milyon 723 min 421 nəfər Suriyalı yaşayır. Bu rəqəm, 2021-ci ildəki maksimum 3 milyon 737 min 369 nəfərlik göstəricidən xeyli aşağıdır və azalma tendensiyası davam edir.
Suriyalıların böyük əksəriyyəti "müvəqqəti qorunma statusu" ilə yaşayır və bu statusun təqdim etdiyi imkanlardan faydalanır.
Suriyalıların Türkiyə üzrə bölgələrə görə yerləşməsində İstanbul birinci yerdədir. Burada 437 min 687 nəfər Suriyalı yaşayır.
İstanbuldan sonra gələn şəhərlər:
Gaziantep – 381.024 nəfər
Şanlıurfa – 236.901 nəfər
Adana – 201.877 nəfər
Hatay – 190.575 nəfər
Mersin – 171.906 nəfər
Bursa – 157.968 nəfər
Konya – 112.577 nəfər
İzmir – 109.327 nəfər
Ankara – 79.387 nəfər
Ən az Suriyalı isə Hakkari şəhərində qeydiyyatdadır. Belə ki, burada cəmi 6 nəfər suriyalı yaşayır. Digər aşağı göstəricili bölgələr:
Bayburt – 32 nəfər
Tunceli – 38 nəfər
Artvin – 66 nəfər
Iğdır – 79 nəfər
Gümüşhane – 91 nəfər
Cins bölgüsünə görə
Kişi: 1 milyon 405 min 671 nəfər
Qadın: 1 milyon 317 min 750 nəfər
Yaş bölgüsünə görə:
0-4 yaş: 390 min 292 nəfər
5-17 yaş: 931 min 872 nəfər
18-64 yaş: 1 milyon 355 min 940 nəfər
65 yaşdan yuxarı: 45 min 317 nəfər