• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Suriyanın yeni milli valyutası olacaq: Hökumət "SWIFT"ə qayıdır

DÜNYA

21 Oktyabr 2025 | 14:31

Suriyanın yeni milli valyutası olacaq: Hökumət SWIFTə qayıdır

Suriya Mərkəzi Bankı beynəlxalq pulköçürmələrini həyata keçirməyə imkan verəcək “SWIFT” sisteminə qoşulmaq üçün icazə almağın son mərhələsindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə bildirib.

Mərkəzi Bank gələn ilin əvvəlində yeni milli valyutanın dövriyyəyə buraxılmasını planlaşdırır.

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dövlətlərin banklarının "SWIFT" sisteminə qoşulması və valyutanın buraxılması olmazsa olmazdır:

"Təsəvvür edin ki, Azərbaycanın milli valyutası olan manat yoxdur. Bu halda hansı iqtisadiyyatdan danışmaq olar?! Bir ölkədə milli iqtisadiyyat qurulursa və ölkə müstəqildirsə, onun əsas simvollarından biri milli valyutasıdır. Milli valyuta ölkənin suverenliyini ifadə edən atributlardan biridir. Bankların "SWIFT" sisteminə qoşulmaması fonunda köçürmələr həyata keçirmək mümkün olmur".

X.Kərimli qeyd edib ki, Suriya hökuməti dağılandan sonra "SWIFT" sistemindən uzaqlaşmışdı və alternativ sistemləri yox idi. Dediyinə görə, dövriyyənin 90 faizindən çoxu nağdsız hesablaşmalar üzərindən, yəni "SWIFT" sistemi vasitəsilə aparılır. "SWIFT" sürətli, etibarlı və keyfiyyətli mesajlaşma sistemidir.

Xalid Kərimli, iqtisadçı

“Sistem vəsaiti qəbul edəndən sonra qarşı tərəfə məlumat göndərir. Bu, Qərbin qurduğu sistemdir. Rusiya sanksiyaların tərkib hissəsi kimi bir çox bankları "SWIFT" sistemindən kənarlaşdırmışdı. Hazırda Çin və Rusiya alternativ ödəniş sistemi qurmağa çalışır. Lakin bu sistem o qədər də tanınmır. Məsələn, Rusiyanın "Mir" ödəniş sistemi var. Çində də özünəməxsus ödəniş sistemi mövcuddur. Ancaq qlobal miqyasda bütün ölkələr "SWIFT" sistemindən istifadə edirlər", - deyə Xalid Kərimli izah edib.

Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR