• Bakı 23° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Rusiyada sovinizmin yeni dalğası: Azərbaycanlılara və müsəlmanlara yönəlmiş sistemli təzyiqlər

GÜNDƏM

28 Iyun 2025 | 13:02

Rusiyada sovinizmin yeni dalğası: Azərbaycanlılara və müsəlmanlara yönəlmiş sistemli təzyiqlər

Son dövrlər Rusiyada baş verən hadisələr bu ölkədə milli və dini azlıqlara, xüsusilə də azərbaycanlılara və müsəlman icmalarına qarşı sistemli təzyiq və diskriminasiya siyasətinin gücləndiyini nümayiş etdirir. Bu prosesin ayrı-ayrı şəhərlərdə baş verən lokal insidentlərdən ibarət olmadığı, əksinə, mərkəzdən idarə olunan, planlı və məqsədyönlü bir kampaniyanın tərkib hissəsi olduğu getdikcə daha da aydın görünür.

Yekaterinburqda baş verən son insidentlər bunun bariz nümunəsidir. Burada azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlar və hüquq-mühafizə orqanlarının bu prosesdə oynadığı aktiv rol hadisənin təsadüfi olmadığını sübut edir. Həmin şəhərdə yaşayan və hadisələri birbaşa müşahidə edən şəxslərin ifadələri göstərir ki, proses əvvəlcədən hazırlanıb və konkret etnik hədəflərə yönəlib. Bu isə Rusiyada azərbaycanlılara qarşı formalaşan təhlükəli tendensiyanın artıq real təhlükəyə çevrildiyini göstərir.

Bütün bunlar Rusiya daxilində getdikcə dərinləşən və açıq şəkildə həyata keçirilən bir etnik və dini təmizlik siyasətinə bənzəyir. Xüsusilə də Ukrayna müharibəsində böyük canlı qüvvə itkiləri yaşayan Rusiya rəhbərliyi indi bu boşluğu miqrantların hesabına doldurmağa çalışır. Miqrantlar süni şəkildə narkotiklərlə, qondarma cinayət ittihamları ilə təhdid olunur, onların ailələri ilə bağlı şantaj metodları tətbiq edilir. Nəticədə, insanlar müharibəyə getməyə məcbur edilir, lakin onlara vəd edilən mükafatlar ödənilmir, geri döndükdən sonra isə yenidən təzyiqlə qarşılaşırlar. Bu praktika artıq ayrı-ayrı hallar deyil, geniş yayılmış və qəbul edilmiş mexanizmə çevrilib.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları da bu prosesin sistemli xarakter daşıdığını sübut edir. Onun təqdim etdiyi rəqəmlər və çıxışının tonu Rusiyada etnik mənsubiyyətə görə “seçim siyasətinin” artıq rəsmi səviyyədə qəbul edildiyini ortaya qoyur.

Azərbaycan-Rusiya münasibətləri kontekstində isə bu təzyiqlərin daha təhlükəli məna daşıdığı görünür. Azərbaycan ictimaiyyəti hələ də mülki təyyarənin vurulması məsələsində Rusiyanın susqunluğunu və hərəkətsizliyini unutmamışdır. Bu hadisə ilə bağlı Bakının beynəlxalq müstəvidə hüquqi və diplomatik mübarizəsi davam edir. Paralel olaraq, Rusiya ərazisində keçirilən tədbirə dəvət almış azərbaycanlı deputatın ölkəyə buraxılmaması da dostluq və əməkdaşlıq münasibətlərinə zidd addım kimi qiymətləndirilir.

Azərbaycanın informasiya resurslarına qarşı son kiberhücumlar isə başqa bir təhlükə mənbəyidir. Milli Məclisin komitə səviyyəsində hazırladığı hesabatlarda bu hücumların arxasında Rusiya mənşəli qrupların durduğu göstərilib. Bu, sadəcə informasiya müharibəsi deyil, həm də real geosiyasi təzyiq formasıdır.

Kremlə yaxın media fiqurlarının, xüsusilə Vladimir Solovyov kimi şəxslərin açıq şəkildə Azərbaycan əleyhinə çıxışlar etməsi isə prosesin ideoloji əsaslarını üzə çıxarır. Artıq bu təkcə siyasi deyil, həm də etnik və dini motivli kampaniyadır. Rusiyada yaşayan müsəlmanlara qarşı da təzyiqlər artır, islamofobiya açıq şəkildə təşviq olunur. Bu, ölkədə yaşayan müsəlman xalqlar üçün təhlükəli siqnal olmaqla yanaşı, Rusiya daxilində etnik və dini qarşıdurmaların alovlanmasına zəmin yaradır.

Eyni zamanda, Cənubi Qafqazda Ermənistan üzərindən həyata keçirilən yeni strategiya da Rusiyanın regional siyasətində gərginliyi artırmaq niyyətini üzə çıxarır. Koçaryan, Sarkisyan və digər revanşist fiqurların fəallaşması, Rusiyanın dəstəyi ilə siyasi səhnəyə qaytarılması regionda müharibə ehtimalını gücləndirir. Moskva bu yolla həm regional təsirini saxlamağa, həm də Qərblə qarşıdurma fonunda yeni təzyiq alətləri yaratmağa çalışır.

Nəticə etibarilə, Rusiyada müşahidə olunan şovinizm, milli ayrı-seçkilik və islamofobiya dalğası təkcə daxili siyasətin nəticəsi deyil, həm də qonşulara qarşı hibrid təzyiq vasitəsidir. Azərbaycan bu prosesə təkcə reaksiya verməklə kifayətlənməməli, beynəlxalq müstəvidə məsələni gündəmdə saxlamalı və bu diskriminasiya siyasətinə qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Əks halda, Rusiyada idarə olunan bu sistemli siyasət təkcə azərbaycanlıların deyil, bütün region xalqlarının təhlükəsizliyinə ciddi təhdid yarada bilər.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

27 Iyun 2025